Xaricdə təhsillə bağlı yeni qaydalar – Hər qəbul alan gedə bilməyəcəkbackend

Xaricdə təhsillə bağlı yeni qaydalar - Hər qəbul alan gedə bilməyəcək

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə prioritet ixtisas sahələrinə uyğun xarici universitet proqramlarının siyahısı ilə bağlı bir sıra yeniliklər edilib.

KONKRET.az xəbər verir ki, yeni qaydalara əsasən, doktorantura səviyyəsi üzrə müraciətlər zamanı Dövlət Proqramının 6.1-ci bəndində nəzərdə tutulan 15 prioritet ixtisas sahəsi əsas götürüləcək.

 Bu halda namizədlər yalnız “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinqlərinin ilk 200-lüyündə yer alan ali təhsil müəssisələrinin doktorantura proqramlarına qəbul aldıqları təqdirdə proqrama müraciət edə biləcəklər.

Eyni zamanda, sənəd qəbulu dövründə yalnız ənənəvi təhsil (offline) formatında olan proqramlar üzrə müraciətlər qiymətləndiriləcək. Bildirilib ki, distant, “executive”, “non-degree” və siyahıda göstərilməyən tərəfdaş universitetlərlə birgə diplom formatında olan proqramlar Dövlət Proqramı çərçivəsində nəzərə alınmayacaq.

Sənədə əsasən, 2026-2027-ci tədris ilində dünya reytinqlərində universitetlər üzrə top 10-luqda qərarlaşan ali təhsil müəssisələrinə qəbul alan şəxslər üçün də ayrıca imkan nəzərdə tutulub. Belə ki, həmin universitetlər tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavr, magistratura və doktorantura proqramlarına qəbul alan şəxslər də Dövlət Proqramına müraciət edə biləcəklər.

Bununla yanaşı, ötən illərdə “University College London” (UCL) üzrə göndərilən namizədlərin sayının çoxluğu nəzərə alınaraq, bu yanaşmanın 2026-2027-ci tədris ilində UCL-ə tətbiq olunmayacağı bildirilib. Bu universitet üzrə yalnız siyahıda yer alan proqramlara qəbul alan şəxslərin müraciətlərinə baxılacaq.

Qeyd olunub ki, prioritet ixtisas sahələri ilə yanaşı, mədəniyyət və incəsənət istiqaməti üzrə ayrıca əlavə edilmiş siyahıya uyğun nüfuzlu ali təhsil müəssisələrinin bakalavr və magistratura proqramlarına qəbul alan şəxslər də dövlət proqramına müraciət edə bilərlər./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*