“Xarici işlər nazirinin yerində tapılmaması sensasiya sayıla bilər” – DEPUTATDAN AÇIQLAMAbackend

"Xarici işlər nazirinin yerində tapılmaması sensasiya sayıla bilər" - DEPUTATDAN AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Nəsib Məhəməliyev, millət vəkili

Bununla bağlı KONKRET.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi göstəricilərinin yekunlarına həsr olunmuş müşavirədə Preziden İlham Əliyevin çıxışı cəmiyyətdə böyük əks-səda doğurdu: “Ölkə başçısının çıxışında cəmiyyətin elə bir sahəsi olmadı ki, ona toxunulmasın. İlk növbədə cəbhənin Tovuz istiqamətində gedən döyüşlərin tam açıqlığı ilə təsnifatı verildi və dövlətimizin mövqeyini, beynəlxalq təşkilatların, dost dövlətlərin münasibətlərini qiymətləndirdi. Xüsusi olaraq, şəhidlərimizin qanının alınması, düşmənə vurulan zərbələr, düşmənin təxribatından sonra ağır “qisas” əməliyyatının keçirilməsilə bağlı verdiyi əmrlər xalqımızın ürəyincə oldu. Artıq nümayiş olunan videokadrlarda da açıq şəkildə erməni tərəfdən dağıntıların miqyasını gördük və ordumuzla bir daha fəxr etdik. Həmişə olduğu kimi, bu müşavirədə də, cənab Prezident görülən işlərlə, əldə olunan nailiyyətlərlə yanaşı nöqsanları da sadaladı. Hadisələrin qızğın çağında, ölkə başçısı, birinci Vitse-Prezident, təhlükəsizlik şurasının üzvləri tam heyətdə bütün gecəni iş yerlərində keçirdikləri halda, xarici işlər nazirinin yerində tapılmaması sensasiya sayıla bilər. Halbuki onun birbaşa xidməti vəzifəsidir ki, hadisələrin inkişafı barədə dünya birliyini, beynəlxalq təşkilatları məlumatlandırsın. Məhz belə vəziyyətlərdə çevik, operativ diplomatik gedişlər olmalıdır ki, informasiya müharibəsində uduzmayaq. Təsdiq olunmuş faktdır ki, informasiya müharibəsində düşməni qabaqlamaq, qələbənin yarısı deməkdir. Müşavirənin digər hissəsi də, pandemiyayla bağlı görülmüş işlərin nəticəsi, nəzərdə tutulmuş tədbirlərə həsr olunmuşdur. Qısa müddət ərzində görülmüş qlobal işlər isə tezliklə koronovirusa qalib gələcəyimizə ümid yaradır. Müşavirənin sonuncu mərhələsi pandemiya şəraitində sosial-iqtisadi, maliyyə-bank sektorunu əhatə etmişdir. Dünyanı bürümüş koronavirus, bütün ölkələrdə iqtisadi fəallığa mənfi təsir göstərmişdir. Azərbaycan da istisna deyil. Ancaq ölkə başçısının və mərkəzi icra orqanlarının məruzələrində səsləndirdikləri faktlar konkret rəqəmlərlə təsdiqini tapıb”.

Deputat söyləyib ki, diqqət çəkən məqamlardan biri isə şəffaflıqla bağlıdır: “Gömrük komitəsinin hesabatında qeyd olunan 2015-ci ilin müvafiq dövrü ilə bu ilin 6 ayında idxalın eyni səviyyədə olması, qeydiyyata alınan gəlirin isə 1,7 milyard manat artıq olmasıdır. Bu kifayət qədər böyük rəqəmdir. Ən əsası isə Prezident İlham Əliyevin cari büdcədə nəzərdə tutulmuş layihələrin tam icrası və gələn ilin dövlət büdcəsinin tərtibində sosial siyasətin davam etdirilməsi ilə bağlı verdiyi göstərişlərdir. Çünki pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumatların olmadığı, əsas gəlir mənbəyimiz olan neftin qiymətinin proqnozlaşdırılmasının mümkün olmadığı şəraitdə belə ciddi tapşırıqların verilməsi, dövlət Başçısının yüksək peşəkarlığından irəli gəlir. Ümumiyyətlə, müşavirə çox yüksək təəssürat bağışladl və görülən işlər tam qənaətbəxşdir”

NƏRGİZ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*