Xərc yox, gəlir yüksək: Təqaüdçü müəllimin hobbisi qazanca çevrildibackend

Xərc yox, gəlir yüksək: Təqaüdçü müəllimin hobbisi qazanca çevrildi

Türkiyənin Düzcə şəhərində yaşayan 62 yaşlı təqaüdçü müəllim Səfa Konca 5 il əvvəl başladığı ipək qurdu yetişdiriciliyini dövlət dəstəyi ilə böyüdüb. Həyat yoldaşı ilə birlikdə istehsalla məşğul olan S.Konca ildə təxminən 200 kiloqram barama əldə etdiklərini bildirərək gəncləri bu sahəyə yönəlməyə çağırıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, xaricdə 5 il, Düzcədəki müxtəlif məktəblərdə isə 25 il ibtidai sinif müəllimi işlədikdən sonra təqaüdə çıxan Səfa Konca hobi olaraq başladığı ipək qurdu bəsləməyi zamanla inkişaf etdirib. Qısa müddətdə istehsal prosesini öyrənən S.Konca həyat yoldaşı Ayşə Koncanın dəstəyi ilə yetişdirdiyi baramalardan əlavə gəlir qazanmağa başlayıb.

Kənd təsərrüfatı və Meşəçilik İdarəsinin təqdim etdiyi müxtəlif sahibkarlıq dəstəklərindən yararlanan S.Konca may və iyun aylarında evinin qarşısında qurduğu 15 kvadratmetrlik sahədə ipək qurdu yetişdirir. Mövsüm ərzində təxminən 200 kiloqram barama əldə edən təqaüdçü müəllim bu işin qazanclı bir məşğuliyyət olduğunu qeyd edərək marağı olan hər kəsə istehsalla məşğul olmağı tövsiyə edib.

Dövlət dəstəyi proqramlarını öyrəndikdən sonra bu sahəyə addım atdığını deyən S.Konca prosesi belə izah edib: “Qurdları bir ay tut ağacının yarpağı ilə bəsləyirəm. Son 10 gündə barama hörürlər və bütün işimiz 40 gündə tamamlanır. İş yüngüldür, amma ciddi diqqət istəyir. İnsan kimi gündə üç öyün yemək verirsən. Yetişdirmək çox əyləncəlidir”.

İpək qurdu bəsləməyi əvvəlki peşəsinə bənzədən Səfa müəllim sözlərinə belə davam edib: “Dövlət qurdların yumurtasını pulsuz göndərir, biz isə sadəcə baxırıq. Heç bir maliyyə xərci yoxdur, sadəcə əmək tələb olunur. İpək qurdu yetişdirməyi uşaqlarla əlaqələndirirəm. Sanki məktəbdəki fəaliyyətimi hələ də davam etdirirəmmiş kimi hiss edirəm. Üstəlik, dövlət baramanı topladıqdan sonra bizdən özü satın alır və pulu birbaşa bank hesabımıza köçürür. Yəni məhsulu harada satacam deyə bir problemimiz yoxdur”.

S.Konca bu işdə təmizliyin əsas şərt olduğunu, ipək qurdlarının siqaret, alkoqol və ətir kimi qoxulardan dərhal təsirlənib xəstələndiklərini vurğulayıb. İpək qurdu yetişdiriciliyinin ildə yalnız bir dəfə müəyyən dövrdə baş tutduğunu xatırladan təqaüdçü müəllim fikrini belə tamamlayıb: “İş may ayında başlayır, iyunun 10-15-i kimi bitir. Gənclər bu işə rahatlıqla əl ata bilərlər. Qonşularımız, gənclər məndən bu işi necə qurmağı soruşurlar. Qulluq etmək üçün böyük investisiyaya ehtiyac yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*