1915-ci ildə Kaliforniyada son onilliklərin ən şiddətli quraqlıq dövrlərindən biri yaşanırdı. Əkin sahələrini xilas etmək ümidi ilə çıxılmaz vəziyyətə düşən fermerlər yeraltı su mənbələrini tapmaq üçün cadugərlərə, sehrbazlara, hətta yağış yağdırdığını iddia edən adamlara müraciət edirdilər.
Məhz belə bir vaxtda San-Dieqo şəhər şurası Çarlz Hetfildi şəhərə dəvət etdi. Vaxtilə tikiş maşınları satan Hetfild artıq on ildən çox idi ki, yağış yağdırmaqla məşğul olurdu. O, xüsusi kimyəvi reaksiyalar vasitəsilə yağışa səbəb ola bildiyini iddia edirdi.
Hetfild 1902-ci ildə tərkibində 23 müxtəlif kimyəvi maddə olan gizli qarışıq hazırlamışdı. Onun sözlərinə görə, iri sinklənmiş çənlərə doldurulan bu maddələr havadakı nəmi özünə çəkərək yağışın yaranmasına səbəb olurdu. O, özünü «nəmlik sürətləndiricisi» adlandırırdı.
Bu sahədə kifayət qədər şöhrət qazanan Hetfild hətta yaxşı pul da qazanmışdı. San-Dieqo şəhər rəhbərliyinə isə xüsusi təklif irəli sürdü: yerli su anbarını dolduracaq qədər yağış yağdıracaq və bunun müqabilində yalnız iş uğurla nəticələnərsə, 10 min dollar alacaqdı.
Maraqlıdır ki, tərəflər arasında rəsmi müqavilə imzalanmadı. Buna baxmayaraq, Hetfild razılaşmanın şifahi şəkildə əldə edildiyini əsas götürərək fəaliyyətə başladı.
Qardaşı ilə birlikdə Morena gölünün sahilində xüsusi qüllə tikən Hetfild orada içərisində naməlum maye olan qurğu yerləşdirdi. Şahidlərin sözlərinə görə, həmin mayeni yandırdıqdan sonra ətrafa olduqca kəskin və xoşagəlməz qoxu yayılıb.
Hadisədən təxminən iki həftə sonra – 1916-cı il yanvarın 5-də San-Dieqoda güclü yağış yağmağa başladı. Yağıntı günbəgün daha da şiddətləndi. Qurumuş çay yataqları su ilə doldu, daşqınlar başladı. Fermalar və evlər su altında qaldı, körpülər dağıldı.
İki su bəndi gələn suyun qarşısında tab gətirmədi. Onlardan biri dağıldı. Faciə nəticəsində müxtəlif mənbələrə görə, 20-dən 50-dək insan həyatını itirdi. Təbii fəlakət tarixə “Hetfild daşqını” adı ilə düşdü.
Lakin bundan sonra “yağış satan adam” üçün işlər heç də yaxşı getmədi.
Daşqın nəticəsində zərər çəkən sakinlər San-Dieqo şəhər rəhbərliyinə qarşı çoxsaylı kompensasiya tələbləri irəli sürdülər. Şəhər isə Hetfildə vəd etdiyi 10 min dolları ödəməkdən imtina etdi. Bununla da rəhbərlik faktiki olaraq daşqının təşkilinə görə məsuliyyət daşımadığını bildirdi.
Hetfild isə pulunu almaq üçün şəhər rəhbərliyi ilə məhkəmə çəkişməsinə başladı. Bu mübahisə 1938-ci ilə qədər davam etsə də, «yağış gətirən adam» vəd edilən məbləğdən bir sent belə ala bilmədi.
Əslində həmin dövrdə güclü yağışlar bütün Sakit okean sahili boyunca müşahidə olunurdu. Buna görə də San-Dieqodakı fəlakətin Hetfildin qurduğu qurğu və onun sirli mayesi ilə əlaqəli olması inandırıcı görünmür. Böyük ehtimalla, onun «möcüzəsi» təbii hava şəraiti ilə üst-üstə düşmüşdü.
Bununla belə, Hetfildin tamamilə savadsız bir fırıldaqçı olduğu da qəti şəkildə söylənə bilməz. Hesab edilir ki, o, meteorologiya və hava şəraiti barədə kifayət qədər məlumatlı idi. Onun yağış «çağırmaq» sahəsindəki uğurlarının bir hissəsini də məhz hava proseslərini düzgün proqnozlaşdırması ilə izah edənlər var.
Hetfild isə istifadə etdiyi 23 komponentdən ibarət kimyəvi formulun sirrini özü ilə birlikdə məzara apardı. Bu qarışığın əslində nə olduğu və ümumiyyətlə, onun yağışa hər hansı təsir göstərib-göstərmədiyi bu gün də məlum deyil.
Bəlkə də Hetfild sadəcə bəxti gətirən və havanı yaxşı oxuyan bacarıqlı bir adam idi. Bəlkə də insanları inandırmaq qabiliyyəti onun əsas «sehr»i idi. Bir həqiqət isə dəyişmir: tarixdə yağış yağdırdığını iddia edən çoxsaylı insanlar olub, amma Çarlz Hetfild qədər məşhurlaşan və ardıcıl olaraq “nəticə” əldə etdiyi deyilən ikinci bir “yağış satıcısı” tapmaq çətindir
Rəsmiyyə Şərifova,
KONKRET.az
