“Yalançının atasına lənət” – Bakını günahlandıran Rasmussenə TƏRS SİLLƏbackend

"Yalançının atasına lənət" - Bakını günahlandıran Rasmussenə TƏRS SİLLƏ

“Mən Laçın dəhlizində oldum. Bu, Qarabağı Ermənistanla birləşdirən yeganə yoldur. Keçən ilin dekabrında azərbaycanlılar tərəfindən bloklanıb. O vaxtdan bəri heç bir mülki və ya kommersiya nəqliyyatı Qarabağa gedə bilməyib”.

Bu, NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin çıxışından sadəcə bir hissədir. Yazılanları oxuduqca qeyri-ixtiyari şəkildə adamın Rasmussenə, “yalançının atasına lənət” deməyi gəlir. Laçın-Xankəndi yolunda ekofəallarımızın aksiyaya başladığı gündən bəri bəlkə də yüzlərlə avtomobil karvanı Qarabağın ermənilər yaşayan hissəsinə humanitar yardım, ərzaq, dərman vasitələri və digər zəruri məhsullar daşıyıb. Aydındır ki, “erməni dəyirmanından su içən” keçmiş NATO Baş katibinin fikirlərində başdan-ayağa kimi qərəz var. Görünür hiyləgər ermənilərin onun qulağına yavaşca pıçıldadığı boş və mənasız sözləri dilə gətirməklə özünə elektorat toplamağa çalışır. Yoxsa Rasmussenə nə Laçın dəhlizi, nə də Qarabağ məsələsi maraqlı deyil. Amma kül olsun o elektoratın başına ki, ermənilərdən təşkil ediləcək. Bu da bir ayrı mövzudur. Rasmussen və onun təmsil etdiyi “demokratik Qərb”in Azərbaycana qarşı hər zaman ikili standartlardan yanaşdığı, haqq-ədaləti ayaqlar altına atdığı, işğalçı Ermənistanı dəstəklədiyi bəllidir. Burada təəccüblü heç nə yoxdur. Əsl təəccüblü olan Rasmussenin NATO Baş katibi olduğu vaxtlarda Azərbaycana yaltaqlanması, rəsmi Bakını mühüm tərəfdaş kimi qələmə verməsi idi. İndi “Flüger” kimi Ermənistan tərəfə əsən bu Qərb “siyasətçi”sinin vaxtilə ölkəmiz haqda dediyi fikirlərə nəzər salarkən, Rasmussenin nə qədər ikiüzlü və yaltaq olduğunu görmək mümkündür. Demokratik dəyərlərdən danışan Qərbin və onun təmsilçilərinin Afrikada, Ərəb ölkələrində törətdikləri qırğınlar Avropanın əsl simasını ortaya qoyur. Onsuz da sivil dünya Qərbdə demokratiya və insan haqlarının yalnız kağız üzərində mövcud olduğunu yaxşı anlayır. Necə deyərlər, “dəyirman öz işindədir, çax-çax baş ağrıdır”.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli hesab edir ki, Rasmussenin bəyanatları və Avropa Parlamentinin qəbul etdiyi qətnamə həyasızlığın pik həddidir: “Gələcəkdə rəsmi Bakı Ermənistanı müxtəlif təzyiq vasitələri ilə sülhə məcbur etməyə çalışsa, o zaman nəinki vəzifəli şəxslərimizə, hətta birbaşa Azərbaycana qarşı da sanksiya tətbiq edərlər. Və buna təəccüblənməmək lazımdır. Bu, Qərbin nə qədər ədalətsiz və ikiüzlü siyasət yürütdüyünün bariz nümunəsidir. Bu gün dünyanı din ayrı-seçkiliyi ilə idarə edirlər. Biz bu məsələləri gündəmə gətirəndə bəzi qərbpərəstlər “din dövlətdən ayrıdır”, “müasir dövrdür” və sair kimi absurd fikirlər səsləndirirlər. Amma Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə başlayanda, dünya dövlətləri rəsmi Bakının üzərinə qalxır. Bir tərəfdən Avropa, digər yandan İran müxtəlif məkrli planları həyata keçirməyə başlayır”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Politoloq əlavə edib ki, sivil və demokratik dünyaya inteqrasiyadan söhbət gedə bilməz: “İnteqrasiya yalnız güc vasitəsi ilə olur. Nə qədər güclüsənsə, o halda “ədalət” təmin edilir. Qətiyyən bu cür qətnamələrə və hədə-qorxulara görə biz geri çəkilməməliyik. Azərbaycan bu illər ərzində öz ərazi bütövlüyünü təmin etməyi bacarıb. Düşmən ölkəmizə qarşı bu hücumlardan cəsarətlənir və qudurmağa başlayır. Yəni Ermənistan silahlanır, siyasi bəyanatlar verməyə, Azərbaycanla hədə dili ilə danışmağa çalışır. Ona görə də, bu cür qətnamə və sanksiya hədə qorxusu bizi geri çəkilməyə və öz yolumuzdan dönməyə məcbur etməməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*