“Young Lions Azerbaijan – 2022” qalibləri elan olundubackend

Young Lions Azerbaijan – 2022” qalibləri elan olundu

“Young Lions Azerbaijan – 2022” müsabiqəsinin qalibləri elan olundu.

KONKRET.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Young Lions Azerbaijan 2022”  (“Gənc aslanlar”) müsabiqəsi başa çatıb. Mayın 7-də Nizami Kino Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi gerçəkləşdi.

Mükafatlandırmadan əvvəl “TEDx” formatında yerli və xarici spikerlər çıxış etdilər.

Tədbirdə mədəniyyət nazirinin köməkçisi Tamerlan Axundov, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası (AYSF) İdarə Heyətinin sədri Vasif Eyvazzadə və digər qonaqlar iştirak edirdilər.

Ramil Abbəkirov çıxışında qeyd etdi ki, yaradıcılığın dəstəklənməsi Mədəniyyət Nazirliyinin başlıca məqsədlərindən biridir: “Bildiyiniz kimi, bu il ölkəmizdə “Şuşa İli”dir. Şuşa həm də mədəniyyət paytaxtımızdır. Buna görə də iştirakçı komandalara mədəniyyətlə əlaqəli mövzular seçdik. “Çap” kateqoriyası üzrə mövzu “Mədəniyyət naminə sülh” idi. “Mədəniyyət naminə sülh” özü-özlüyündə çox böyük konsepsiyaya malik bir anlamdır. Məlum olduğu kimi, bu günlərdə ABŞ-da səfərdə olan mədəniyyət naziri Anar Kərimov Nyu-York şəhərində, BMT-nin mənzil-qərargahında qurumun Sivilizasiyalar Alyansı və bir neçə üzv dövlətin iştirakı ilə “Mədəniyyət naminə sülh” qlobal çağırışının mütəşəkkil fəaliyyət planı imzalanıb”.

R.Abbəkirov söylədi ki, “Videoçarx” (Film) kateqoriyasının mövzusu “İnsanların mədəniyyət müəssisələrinə mütəmadi ziyarətinin təşviq edilməsi” idi. Hesab edirik ki, mədəniyyət müəssisələrimizin potensialı böyük olsa da, insanların həmin məkanlara cəlb olunması üçün təşviqata ehtiyac duyulur.

AYSF İdarə Heyətinin sədri Vasif Eyvazzadə bildirdi ki, bu gün burada ruhların, duyğuların, gözlərin və zəkanın sərhədsiz bir atmosferinə toplaşmışıq. Sizlər hamının gördüyü, lakin tam dərk edə bilmədiyi bir dünyanı təqdim edirsiniz.

Kateqoriyalardakı mövzulara toxunan V.Eyvazzadə vurğuladı ki, sülh insan yaradıcılığına, mədəniyyətin qorunması və inkişafına töhfə verən vacib bir anlayışdır. O, çıxışının sonunda müsabiqə iştirakçılarını təbrik edərək, onlara uğurlar arzuladı.

Çıxışlardan sonra qaliblərin adları açıqlandı. “Çap” kateqoriyası üzrə Xəyal Mahmudlu və Xədicə Məmmədli I, Ramin Zaidov və Camal Kamallədin II, Şahin Əliyev və Gültəkin Muradova III yerləri qazandılar.

“Videoçarx” kateqoriyası üzrə Namiq Bayramov və Nicat Məmmədzadə I, Ayxan Xəlilov və Maral Mustafayeva II, Səbinə Rüstəmli və Bəhruz Qurbanlı isə III yerlərə layiq görüldülər.

Qaliblər medallar və sertifikatlarla təltif edildilər. Hər kateqoriya üzrə I yeri tutan komandalar Fransanın Kann şəhərində baş tutacaq “Young Lions Competitions – 2022” finalında iştirak etmək hüququ qazandılar.

Müsabiqədə iki kateqoriya üzrə ümumilikdə 103 komanda (“Çap” – 73, “Videoçarx” – 30) iştirak edib.

Qeyd edək ki, 30 yaşadək yaradıcı şəxslərin qatıldığı müsabiqədə qeydiyyatdan keçən iştirakçılara müsabiqə təşkilatçıları tərəfindən 16 aprel tarixində təlimatlar göndərilib, “Çap” kateqoriyası üçün 24 saat, “Videoçarx” üçün isə 72 saat ərzində yaradıcı məhsul hazırlamaları tələb olunub. İştirakçıların işləri beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndirilib.

Xatırladaq ki, reklam istehsalçılarının ən nüfuzlu beynəlxalq festivalı hesab olunan “Cannes Lions” (“Kann aslanları”) 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilir. Bu festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” (“Gənc aslanlar”) adlı müsabiqəsi isə 1995-ci ildən təşkil olunur. Ölkəmizdə “Young Lions” müsabiqəsi ikinci dəfədir gerçəkləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*