Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Qəbul olunanlarla yanaşı yüksək bal toplamasına baxmayaraq müsabiqədən keçməyən abituriyentlərin sayı da kifayət qədərdir. Bunun səbəbi daha çox ixtisas seçimində yanlış kodlaşma ilə əlaqələndirilir. Son illər isə kodlaşma seçiminin başqa nümayəndələr tərəfindən ödənişli aparılması da bəzi suallar doğurur. Belə ki, bir sıra şəxslər valideyndən yüksək məbləğlər almasına baxmayaraq ixtisas seçimi ilə bağlı kodlaşmanı yanlış edərək ailəni çətin vəziyyətdə qoyurlar. Əvvəlki illərdə ödənişsiz həyata keçirilən bu prosesin getdikcə kommersiyalaşması isə narazılıq doğurur.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Əmrah Həsənlinin sözlərinə görə, 600-dən yüksək bal toplayan abituriyentin qəbul olmamasının səbəbini yanlız kodlaşma səhvi ilə izah etmək düzgün olmaz.
O bildirib ki, burada əsas iki məsələ fərqləndirilməlidir: “Birinci ixtisas seçiminin düzgün aparılmaması, ikincisi isə kodlaşdırmada olan texniki səhvlər, ödənişli dövlət sifarişi məsələləri və s. Məsələn, abituriyent yüksək bal toplasa da yanlız bir neçə ixtisası seçirsə, həmin ixtisaslarda keçid balı onun nəticəsindən yüksək formalaşırsa, qəbuldan kənarda qala bilər. Dövlət İmtahan Mərkəzinin əvvəlki yerləşmə nəticələri ilə bağlı açıqlamasında 600-dən yüksək bal toplayan bəzi abituriyentlərin məhdud sayda ixtisas seçdiyi üçün müsabiqədən keçmədiyi də qeyd olunub. Bəzi abituriyentlər var ki, məsələn, sırf hüquqşünas olmaq və ya tibb ixtisasına qəbul olmaq istəyirlər. Bu yaxınlarda şahidi olduq ki, abituriyent 610 balla tibbi yazıb, ancaq qəbul olmadı deyə müsabiqədən kənarda qaldı. Məqsədli abituriyentlərimiz də var ki, sırf ixtisas, universitet xatirinə təhsil almaq istəmirlər. Bunu da nəzərə almaq lazımdır”.
Ə.Həsənli qeyd edib ki, burada ixtisas ardıcıllıqlarının düzgün qurulmaması məsələsi də var: “Dövlət sifarişi ödənişli əsaslarının yanlış seçilməsi və ərizənin, hətta deyərdim ki, ümumiyyətlə təsdiqlənməməsi kimi də hallar var. Onlar da istənilən halda müsabiqə vəziyyətinə təsir göstərir. Hazırda abituriyent 15-ə qədər ixtisas seçə bilər. Kodların sayı və ardıcıllığını da özü müəyyənləşdirir. İxtisas seçimində ödənişli xidmətinin göstərilməsinə prinsip etibarilə qarşı deyiləm. Çünki mən özüm də neçə illərdir bu sahədə xidmət göstərirəm. Burada müəyyən peşəkar yanaşmaya da bəzən ehtiyac duyulur. Amma bunun çox yüksək məbləğlərlə sanki abituriyentin qəbuluna zamanət verən xidmət kimi təqdim edilməsini düzgün hesab etmirəm. Hər zaman da əleyhinə olmuşam. Nəticə etibarilə desək, ixtisas seçimi abituriyentin gələcəyinə ciddi təsir edən mərhələdir və burada əsas məsələ xidmətin pullu və ya pulsuz olması deyil, onun peşəkar, şəffaf və əlçatan olmasındadır. Abituriyentə “mütləq səni qəbul etdirəcəm” vədi deyil, real müsabiqə vəziyyətinə əsaslanan düzgün istiqamət verilməlidir”.
