Bakıda sürücülər arasında yol mübahisəsi: bir nəfər döyüldübackend

Bakıda sürücülər arasında yol mübahisəsi: bir nəfər döyüldü

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Dadaş Tağıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.

İttihama görə, təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edib.

Hadisə bu il saat 19 radələrində Bakı şəhəri Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yol ötürücü körpünün altında baş verib.

Belə ki, həmin vaxt Dadaş Tağıyev idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olub. Eyni istiqamətdə hərəkət edən zərərçəkmiş Vəli Kərimov (adı, soyadı şərtidir) isə “Changan” markalı avtomobili idarə edib. Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil hərəkət zamanı zərərçəkmiş şəxsin avtomobilini sıxıb. Bundan narazı qalan Vəli avtomobilini idarə edərkən Dadaşa iradını bildirib.

Bundan sonra təqsirləndirilən şəxs avtomobilini saxlayaraq zərərçəkmiş şəxsin yanına yaxınlaşıb. Vəli də idarə etdiyi avtomobildən enib və tərəflər arasında mübahisə yaranıb. Bu zaman Dadaş heç bir əsaslı səbəb olmadan ictimai yerdə Vəliyə qarşı zor tətbiq edib.

O, qəflətən yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə, daha sonra isə təpiklə baş nahiyəsinə zərbə vurub. Hadisə nəticəsində Vəli müxtəlif xəsarətlər alıb.

Məhkəmə-tibbi ekspertizasının nəticəsinə əsasən, onun sol ənsə və sol qulaqönü nahiyələrində şişkinliklə müşayiət olunan əzilmələr, alın və sağ dirsək nahiyələrində sıyrıqlar müəyyən edilib.

Bu səbəbdən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin xuliqanlıqla bağlı müvafiq maddəsi ilə tövsif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*