“Avropadakı, o cümlədən Yunanıstandakı lokal kəskin hava dəyişikliklərini birbaşa Azərbaycanla eyniləşdirmək və bu proseslərin dərhal ölkəmizə eyni formada təsir edəcəyini demək sinoptik baxımdan doğru deyil”.
Bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Hava şəraitinin Azərbaycana mümkün təsirləri və fərqli regional xüsusiyyətlər müxtəlif və fərqli amillərlə izah olunur. Azərbaycana təsir edən hava cərəyanları əsasən şimal (Arktika), şimal-qərb, cənub (Afrika/Ərəbistan) və şərq istiqamətlərindən daxil olur. Yunanıstandakı spesifik Aralıq dənizi siklonları və ya lokal qeyri-adi fırtınalar coğrafi məsafə və relyef səbəbindən ölkəmizə birbaşa eyni xarakterdə (məsələn, yay aylarında qar yağması kimi) çata bilməz”.
Ekspert qeyd edir ki, regional səviyyədə birbaşa təsir olmasa da, bu cür kəskin dəyişikliklər qlobal iqlim böhranının təzahürüdür.
“Planetdə atmosfer sirkulyasiyasının pozulması, bəzən Avropada kəskin istilər və ya qeyri-adi yağıntılar yaratdığı kimi, Cənubi Qafqazda və Azərbaycanda da regional anomal temperatur yüksəlmələrinə və ya gözlənilməz intensiv yağıntılara səbəb ola bilir.
Qərbdən və ya cənub-qərbdən gələn istənilən hava kütləsi ölkə ərazisinə daxil olarkən yerli relyef formaları (Böyük və Kiçik Qafqaz dağları) və Xəzər dənizinin termik rejimi ilə qarşılaşaraq öz xüsusiyyətini əhəmiyyətli dərəcədə dəyişir”.
Aynurə İsmayıl
KONKRET.az
