Zəfərimizin 1 ili:  Növbəti ildəki hədəfimiz – Xankəndi, Xocalı, Xocavənd…backend

Zəfərimizin 1 ili: Növbəti ildəki hədəfimiz - Xankəndi, Xocalı, Xocavənd...

Azərbaycan xalqı və dövləti tarixinin ən parlaq, şərəfli səhifələrindən birini qeyd edir. Bu gün, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsinin 1 ili tamam oldu. Azərbaycan bu gün Zəfər Gününü qeyd edir. Azərbaycan heç kimin gözləmədiyi, kimsənin inanmadığı bir iş gördü. Torpaqlarının böyük hissəsini işğaldan azad etməklə Azərbaycan dövləti qətiyyətini, gücünü, qüvvəsini, əzmini nümayiş etdirdi.

KONKRET.az xəbər verir ki, Xalq Partiyasının sədri Pənah Hüseyn “Dərin təhlil” verilişində bunu ifadə edib:

“Geosiyasi inqilab”. Gerçəkdən də Azərbaycan xalqı öz dövləti, hakimiyyəti ilə birləşib böyük bir qələbə qazandı, geosiyasi inqilaba imza atdı. Qeyd etdiyimiz kimi, Böyük Qələbənin 1 ilini başa vurduq. Zəfərimizin xoş ovqatında ikən bir sıra suallara cavab axtarmaqda da fayda var. Bəs, bundan sonra hədəf nədir? Növbəti 1 ildə bizi nə gözləyir? Hazırda Azərbaycan böyük bir cəbhədə – diplomatiya və siyasət cəbhəsində var gücü ilə vuruşur, çalışır. Mövqe bəllidir: bir qarış da torpaq güzəşti olmayacaq! Bu mənada dövlətimiz hələ ki, rus sülhməramlılarının təsir zonasında olan torpaqları – Xocalını, Xankəndini, Xocavəndi, keçmiş Ağdərə rayonu ərazisini və s. – geri almağa çalışır. Düzdür, proses çətin gedir, amma bir an olsun belə dayanmır Azərbaycan dövləti və onun rəhbəri. Bəs. bu çətin işin öhdəsindən gələ biləcəyikmi?

ceyhun76_382559322304663_2558756492060655616_n_430_700x390.jpg (38 KB)

Deputat Ceyhun Məmmədov bildirdi ki, gələcəklə bağlı nikbindir: “Bu gün Azərbaycan xalqı “Zəfər Günü”nü qeyd edir. Tariximizin qürurlu və şərəfli şərəfli günlərini yaşayırıq. Prezident İlham Əliyev Qələbəmizin möhkəmləndirilməsi üşün səylə çalışır. İşğaldan azad olunmuş ərazilərdə böyük abadlıq və quruculuq işləri həyata keçirir. Görüləsi işlər isə həddən çoxdur”. Millət vəkili qeyd etdi ki, qarşıda mühüm vəzifələr durur: “Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün strateji hədəflərə nail olacaq. Qələbəmizi təmin edən amillərdən biri də birlik və həmrəyliyimiz oldu. Bu birliyi və həmrəyliyi qorumalıyıq, eyforiyaya qapılmamlıyıq. Zamanla bütün məsələlər eyni zamanda digər ərazilərimizin işğalçılardan təmizlənməsi həllini tapacaq. Sadəcə səbir və təmkinlə hədəflərimizə doğru irəliləməliyik. Əvvəlki Qarabağ münaqişəsi kifayət qədər mürəkkəb münaqişə idi. Bunun üçün bir müddət vaxt lazımdır”.

44.jpg (137 KB)

Deputat Vüqar Bayramov bu mövzudan bəhz edən açıqlamasında bir il öncənin qələbə xəbərlərini xatırladıb: “Bu gün ölkəmizdə Zəfər Günü qeyd olunur. 2020-ci il sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində Müzəffət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad etdi. Azərbaycanın münaqişə boyunca apardığı xarici siyasət və effektiv diplimatik fəaliyyət zəfəri yaxınlaşdıran faktorlardan hesab olunur. 28 illik erməni işğalı müddətində Ermənsitan bütün layihələrdən təcrid edildi. Əksinə, Azərbaycanın təşəbbüsü ilə ötən müddətdə reallaşan transmilli layihələr regionda tamamilə yeni mənzərə yaratdı. Enerji və nəqliyyat layihələri ölkəmizin regional geosiyasi mövqeyini daha da möhkəmləndirdi”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistanın silahlı qüvvələri məğlub edilməklə yanaşı, erməni mifi də tamamilə məhv edildi: “Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, hərbi texnikası və canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və qüdrətini göstərdi. Artıq regionda yeni düzən formalaşıb. Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır. İnanırıq ki, növbəti addım Zəngəzur dəhlizinin bərpası olacaq. Zəfər Bayramınız Mübarək! Allah bütün şəhidlərimizə rəhmət etsin!”

qafarhoca.jpg (48 KB)

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı öncə Zəfər bayramı münasibətilə xalqımızı, bütün Türk dünyasını təbrik etdi: “Azərbaycanın bu qələbəsi təkcə bölgənin mənzərəsini dəyişmədi. Ordumuz və dövlətimiz həm də dünyaya düşmən üstündə necə bir zəfər çalındığının dərsini verdi. İşğalçı Ermənistanla birlikdə 30 ilə yaxın bir müddətdə onun arxasında duran güclərə də dərs verildi. Şübhəsiz ki, əldə olunan qələbələrin ardı gələcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək və təhlükəsizliyini təmin etmək üçün bu, bir il ərzində müəyyən siyasi və diplomatik təməllər də atılıb. Heç şübhə yoxdur ki, üzərinə getdiyimiz problemlər də həll ediləcək. Biz İrəvan türk Cümhuriyyəti olaraq da Zəfərimizin 1-ci ilə əlaqədar düzənlədiyimiz Qələbə konfransında qarşıda duran vəzifələrin nələrdən ibarət olduğunu geniş müzakirə etdik. Bu fikrə gəlindi ki, bu qələbənin arxası gəlməlidir. Son iki əsrdə itirdiyimiz torpaqların geri alınması mücadiləsindən vaz keçməməliyik”. Q.Çaxmaqlı İrəvan Türk Cümhuriyyətinin mövqeyini açıq şəkildə bəyan etdi: “Bütün beynəlxalq hüquq və normalara əməl edərək, növbəti ildə keçən əsrdə ədalətsizcəsinə Ermənistana verilmiş torpaqlarımızı geri almaq siyasətini davam etdirməliyik. Qərarlı olunca bir çox şeylərə nail olmaq olur. Növbəti ildə Azərbaycan bütün Qarabağ ərazisində öz dövlət suverenliyini təmin edəndən sonra digər torpaqlarımızın azad edilməsi siyasətini yürütməlidir. Düşmən zəifdir, gücsüzdür, ədalət bizim tərəfimizdədir. Qərbi Azərbaycandan çıxarılan milyonlarla insanımızın tələbləri doğrultusunda dədə – baba yurdlarımıza dönmək ideologiyasını davam etdirməliyik. İrəvan Türk Cümhuriyyəti artıq şüarını da müəyyən edib: “Qarabağdan İrəvana!” Qələbələr bizim olacaq!”

mehemmedesed.jpg (38 KB)

Politoloq Məhəmməd Əsədullazadə də inamlı danışdı: “Qələbəmizin bir illiyidir və bu regionda yeni bir siyasi proses yaratdı. 10 noyabrdakı üçtərəfli Bəyannamə və 11 yanvar razılaşması Azərbaycanın qələbəsinin siyasi müstəvidə rəsmiləşdirdi. Bir il ərzində təəssüf ki, Rusiya vasitəçi olaraq Ermənistana təzyiq etmədi və çalışdı ki, prosesi uzatsın. Əldə oluna razılaşmaları Moskva öz şərtlərinə uyğun həyata keçirməyə çalışır. Düzdür, biz Moskvadan maraqlarımıza uyğun açıqlamalar eşidirik, amma bu əməldə olmalıdır”. M.Əsədullazadənin sözlərinə görə, nəhəng layihələr də reallaşacaq: “Azərbaycan bundan sonra çalışır ki, Zəngəzur dəhlizi açılsın. Düşünürəm ki, dəhliz açılacaq. Çünki, prezident İlham Əliyevin buna nail olacağına inanıram”. Ekspert hesab edir k, ikinci əsas hədəf 10 noyabr razılaşmasına uyğun olaraq silahlı erməni birləşmələrinin Azərbaycan ərazindən tam çıxarılmasıdır: “Əsasən, Xankəndi və ətrafı silahlılardan ətəmizlənməlidir. Bu istiqamətdə Azərbaycanın konkret tələbləri var. Rusiya prosesi uzadır. Əgər, silahlı erməni birləşmələri buradan çıxarılacaqsa, Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə etnik və 20 min erməni üzərində hüquqi nəzarəti bərpa edilə bilər. Azərbaycan çalışır ki, Ermənistanla münasibətlər qaydasına qoyulsun və bu proses öz-özlyündə həll ediləcək. Sadəcə, Paşinyan vaxtı uzadır və Rusiya da burada maraqlı tərəfdir. Amma, Azərbaycan və Türkiyə təzyiqləri artıarcaqsa buna nail olunacaq”./musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*