İndoneziyanın Maluku adalarında 6.5 bal gücündə zəlzələ ciddi dağıntı və tələfata səbəb olub. Səhər saatlarında 29 km dərinlikdə baş verən yeraltı təkanlar ölkənin əksər ərazilərində hiss edilib. Son məlumatlara görə təbii fəlakət nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox adam yaralanıb. İtkin düşənlərin olduğu bildirilir. Bəzi yaşayış məntəqələri ilə əlaqə kəsildiyindən tələfatın artacağı istisna edilmir. Fəlakət zonasında 100-dən çox evə ziyan dəyib, 2 xəstəxana və 1 körpü dağılıb. Evlərini tərk etməli olan 12 mindən çox sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. İndoneziya Təbii Fəlakətlərin İdarə Olunması Agentliyi bildirir ki, zəlzələnin episentrinin quruda yerləşməsi dağıntı riskini artırır. Mütəxəssislər fəlakət zonasındakı vulkanların aktivləşəcəyindən narahatdırlar. Qeyd edək ki, tektonik qurşaqda yerləşən İndoneziyada vaxtaşırı olaraq dağıdıcı zəlzələlər və sunami baş verir.