“10 qəpik artıma görə vətəndaşların cibindən ildə əlavə 200 milyon manat pul çıxacaq” – AÇIQLAMAbackend

“10 qəpik artıma görə vətəndaşların cibindən ildə əlavə 200 milyon manat pul çıxacaq” - AÇIQLAMA

“Ağıllarına gələn bir rəqəmi deyirlər və bunu əsaslandıra bilmirlər. Buna əsaslanaraq da qiymətlərin artımını tələb edirlər”.

Bu fikirləri ictimai nəqliyyatdakı qiymət artımı mövzusunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. O, nəqliyyat sektorunda qiymət artımının gözlənilən olduğunu deyib: “Keçən ildən başlayaraq “Metropoliten” və “BakuBus” rəhbərliyi maya dəyərinin yüksək olması və xərclərin ödənilməməsi ilə bağlı mətbuata açıqlamalar veriblər. Amma təəssüf ki, bu günə qədər nə “Metropoliten”, nə də “BakuBus” rəhbərliyi maya dəyərinin necə hesablandığına dair ictimaiyyətə informasiya açıqlamayıblar. Yəni ağıllarına gələn bir rəqəmi deyirlər və bunu əsaslandıra bilmirlər. Ya da ki, əsaslandırmaq istəmirlər. Buna əsaslanaraq da qiymətlərin artımını tələb edirlər. Tarif Şurası tələblərini yerinə yetirərkən belə onlardan maya dəyərinin nəyə görə yüksək olduğu haqda heçnə soruşmur, yaxud xərclərin azaldılması ilə bağlı təkliflər vermir. Ona görə də, idarəetmədəki problemlərin və qeyri-şəffaflığın fəsadlarını vətəndaşın çiyinlərinə yükləməklə 10 qəpik (33,3 faiz) qiymət artımı etdilər. Bu, ildə təqribən 200 milyon manatın vətəndaşlarıın cibindən çıxacaq əlavə pul deməkdir. Yəni ictimai nəqliyyatdakı 10 qəpik artıma görə vətəndaşların cibindən ildə əlavə 200 milyon manat pul çıxacaq. Bu, kifayət qədər ciddi bir rəqəmdir”.

Natiq Cəfərli: "Qiymət artımının dövlətin aldığı qərarlarla heç bir əlaqəsi yoxdur"

Natiq Cəfərli digər sahələrdəki qiymət artımının səbəblərinin müxtəlif amillərlə əlaqəli olduğunu açıqlayıb: “Ərzaq qiymətlərinin yüksəlməsinin əsas səbəbi Azərbaycanda yerli istehsalın zəif olmasıdır. Xaricdən çox asılıyıq. Nəticə olaraq xaricdəki qiymət artımının Azərbaycana təsirləri yüksəlir. Bundan başqa hökumət gömrük rüsumları və vergi dərəcələrini aşağı salmır ki, qiymətlər ucuzlaşsın. Bütün bu faktorlar inflyasiya dərəcəsinin artmasına səbəb olur və vətəndaşların üzərinə əlavə yük düşür”.

Natiq Cəfərli bildirib ki, Azərbaycanda son yanacaq tariflərinin artımı zamanı dünya bazarındakı qiymətləri əsas gətirdilər: “O zaman neftin qiyməti 100 dollardan yuxarı idi. İndi “qara qızıl”ın qiyməti 85 dollardır. Həmin məntiqlə biz əks prosesi müşahidə etməliyik. Yəni neftin qiymətinin uzun müddətdir ki, 85 dollar olması fonunda yanacağın tarifi ucuzlaşmalıdır. İndiki zamanda hökumətin dizel yanacağının qiymətini artıracağını düşünmürəm. Çünki bu, kənd təsərrüfatından daşımaçılığa qədər bütün sahələrdə qiymət artımına gətirib çıxara bilər. Bu isə inflyasiyanı daha da sürətləndirər. Ona görə də, məntiqlə dizel yanacağının qiymətində artım olmamalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*