“2024-cü ildə biz bu regionu Azərbaycan iqtisadiyyatı və cəmiyyətinin ayrılmaz hissəsi kimi görəcəyik” – AÇIQLAMAbackend

“2024-cü ildə biz bu regionu Azərbaycan iqtisadiyyatı və cəmiyyətinin ayrılmaz hissəsi kimi görəcəyik” - AÇIQLAMA

Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan böyük nailiyyətlər əldə edib. Bu nailiyyətlərin ən başlıcası isə otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsidir. Məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində Azərbaycan düşməni torpaqlarından qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməyi bacardı. Hazırda işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Bunu, “Böyük Qayıdış” konsepsiyasının reallaşması üçün atılan ilkin addımlardan biri hesab etmək mümkündür. Belə ki, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” üçün Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış” konsepsiyasının icrası öz axarı ilə davam edir:

“Prezident İlham Əliyevin “Böyük Qayıdış”a dair təsdiq etdiyi birinci dövlət proqramında gələcəyə yönəlik siyasi, hərbi, strateji məsələlər yer alıb. Eyni zamanda yola saldığımız 2022-ci ildə Ağalı kəndinə köçürülən keçmiş məcburi köçkünləri “Böyük Qayıdış” prosesinin başlanğıcı hesab etmək mümkündür. Ardınca digər ərazilərdə də keçmiş məcburi köçkünlərin məskunlaşdırılması həyata keçiriləcək. Ərazilərin minalardan təmizlənməsi, mühüm infrastruktur layihələrinin icrası, təhlükəsizlik seqmentinin gücləndirilməsi və əhalinin məşğulluq məsələsinin təmin olunması burada vacib əhəmiyyət kəsb edir. Eyni zamanda Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində də mühüm siyasi raundlar icra edilir. Azərbaycan öz sülh təşəbbüslərindən geri çəkilmir və 5 maddədən ibarət təklifi rəsmi İrəvana təqdim edib. Düşünürəm ki, bu təkliflər əsasında sülh müqaviləsinin imzalanmasına nail olacağıq”.

 

Politoloq Prezident İlham Əliyevin yanvar ayının 10-da yerli KİV-lərə verdiyi müsahibəsinə diqqət çəkib: “Dyanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını təmin etmək hazırda əsas prioritetlərdəndir və ölkə başçısı bunu çıxışlarında tez-tez vurğulayır. Digər tərəfdən Azərbaycan alternativ və bərpa olunan enerji sahəsinə investisiyalar cəlb edir. Prezidentin işğaldan azad edilən ərazilərin külək və günəş enerjisi potensialı haqda fikirlər səsləndirməsi belə deməyə əsas verir. Burada əsas məqsəd məcburi köçkünlərin enerji təminatını ən təhlükəsiz səviyyədə təmin etməkdir. “Böyük Qayıdış” konsepsiyası çərçivəsində addımların atılması ictimai rəydə də çox pozitiv əhval-ruhiyyə formalaşdırır. Çünki biz unun illər tarixi torpaqlarımıza qayıdışı arzulayan bir xalqıq. Artıq bu arzular reallaşıb və keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıtması böyük bir tarixi hadisəyə çevriləcək. Düşünürəm ki, biz bu çətin missiyanın öhdəsindən də uğurla gələ biləcəyik”.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, “Böyük Qayıdış”dan əvvəl işğaldan azad olunan ərazilərdə gedən yenidənqurma işləri haqqında danışmaq vacibdir: “Çünki “Böyük Qayıdış”ın həyata keçirilməsi orada aparılan təmir və yenidənqurma işləri ilə bilavasitə bağlıdır. Uzun müddət işğal altında qalan torpaqlarımızda aparılan yenidənqurma işlərinə gəlincə, bu dövlətimizin 2023-cü ildə qarşısında duran ən prioritet məsələlərdəndir. Dövlət və hökumət rəhbərləri 30 ildən artıq doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın bir an öncə öz torpaqlarına qayıtması üçün bütün imkanlardan istifadə edir”.

 

Politoloqun sözlərinə görə, bu gün Qarabağ iqtisadi rayonunda aparılan tikinti işləri cari ildə orada salınan yaşayış məntəqələrinin və infrastruktur mərkəzlərinin sayının ciddi şəkildə artırılacağını deməyə əsas verir: “2024-cü ildə biz artıq bu regionu Azərbaycan iqtisadiyyatı və cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi görəcəyik. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədəki qətiyyəti dediyimiz məsələlərin qısa zamanda həllini zəruri edəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusuna həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*