Avropa ilə bağlı hər şey, demək olar ki, aydındır. O, artıq yetişmiş və kəsilməyə hazır meyvə kimidir. Əsl maraqlı hadisələr isə qarşıdadır. ABŞ-da solçular Konqresə nəzarəti ələ keçirəcəkləri təqdirdə, Tramp administrasiyası ilə ciddi qarşıdurma başlayacaq. Bu, gözlənilən ssenaridir. Lakin məsələnin ən maraqlı tərəfi heç də bu deyil.
Sol düşərgədə İlon Maska qarşı amansız və açıq nifrət bəsləyən çoxsaylı qruplar var. Onlar onun fəaliyyətini tamamilə iflic edəcəklərinə, bütün şirkətlərini çökdürəcəklərinə, özünü isə həbs etdirib hətta öldürəcəklərinə söz verirlər. Bu cür hədələri sosial şəbəkələrdə, xüsusilə də X platformasında kifayət qədər cəsarətlə səsləndirirlər. Sanki qarşı tərəfə Misir bəlaları göndərəcəklərinə söz verirlər.
Mask isə bir neçə həftə əvvəl buna açıq şəkildə, təxminən belə cavab verdi: “Qılıncla yaşayanlar qılıncla da öləcəklərinə hazır olmalıdırlar. Mən hamınızı və sizi idarə edənləri tapacağam”.
Mask boş vədlər verməyi sevmir. O, başladığı işi sona çatdırır, kifayət qədər resurslara malikdir və ən əsası, son dərəcə effektivdir. Halbuki solçuların əksəriyyəti, pul mənimsəməkdən başqa, ciddi nəticə göstərmək baxımından o qədər də fərqlənmirlər.
Amma Maskın əsas üstünlüyü təkcə bu deyil. Onun elə riskli addımlar atmaq və elə mərclərə girmək bacarığı var ki, adi insanlarda eyni anda qorxu, çaşqınlıq və az qala fiziki narahatlıq yarada bilər.
Deməli, Maskın hansısa addım atacağı şübhəsizdir. O, məsələlərə ilk prinsiplərdən yanaşan insandır. Buna görə də problemin kökünə – onun fikrincə, bütün prosesləri idarə edən qüvvələrə yönələcək. Üstəlik, fikirlərini açıq ifadə etməkdən də çəkinmir.
Mask başa düşür ki, bu sistemin arxasında duran əsas qüvvə təxminən 100–200 nəfərdən, yaxud ailədən ibarətdir. Onlar həm böyük kapitala, həm də ciddi nüfuza malikdirlər. Deməli, Mask ya onları bu imkanlardan məhrum etməli, ya da ona mane olmaq cəhdlərinin qiymətini onlar üçün xeyli yüksəltməlidir. Amma məsələ bununla bitmir.
Görünür, bu dəfə də Deep State-ə qarşı ilk və bəlkə də yeganə açıq mübarizəyə başlayan Mask olacaq. Sonra isə başqaları da ona qoşulacaq. Ola bilsin, Piter Til və Aleks Karp da bu düşərgədə yer alsınlar. Palmer Lakki də.
Digər tərəfdə isə, görünür, OpenAI və Anthropic dayanacaq. Onlar bizə effektiv altruizm ideologiyasına əsaslanan mətnlər vasitəsilə necə yaşamalı olduğumuzu öyrətməyi sevirlər. Bu, sosial məsələlərdə kifayət qədər səriştəsiz olan varlı texnoloqların yaratdığı yeni korporativ ideoloji doktrinadır. Müəllifin fikrincə, bu yanaşma hətta faşist korporativ dünyagörüşünü xatırladır. Onlar isə öz növbəsində Stanfordda çalışan, daim müəyyən maliyyə mənbələrindən və Anthropic qrantlarından asılı olan professorların fikirlərinə həddindən artıq önəm verirlər.
Beləliklə, 2027–2028-ci illərdə son dərəcə maraqlı və mürəkkəb bir dövrə daxil olacağımız görünür. Bir çox proseslər eyni vaxtda kəsişəcək:
- Süni intellektin inkişafı nəticəsində kütləvi ixtisarlar və əmək bazarında ciddi sarsıntılar;
- Avropada dərin böhran, xaos, qanlı iğtişaşlar və hətta Avropa İttifaqının parçalanması ehtimalı;
- ABŞ və Çin arasında müəyyən məsələlərdə mövqelərin yaxınlaşması.
Sonuncu məqam xüsusilə maraqlıdır. Çünki bəzi məsələlərdə ABŞ və Çinin mövqeləri ABŞ və Avropanın mövqelərindən daha çox üst-üstə düşür. Bəli, biz geosiyasi rəqib olaraq qalırıq, amma eyni zamanda müəyyən mənada tərəfdaşıq. ABŞ üçün dünyanın qalan ölkələrinin əksəriyyəti, Roma imperiyasının siyasi terminologiyasından istifadə etsək, mahiyyət etibarilə müttəfiq deyil, vassal və ya asılı tərəfdaş statusundadır.
Məni təəccübləndirməz ki, ABŞ yeni müttəfiq kimi Kremldəki həmin yırtıcı siyasətçini seçsin. Emosional baxımdan belə bir yaxınlaşmanı dəstəkləmirəm. Lakin praqmatik real siyasət nöqteyi-nəzərindən bu, kifayət qədər məntiqli ittifaq ola bilər.
Axı ABŞ Fars körfəzi monarxiyaları ilə də dostluq edir. Halbuki həmin ölkələrdə demokratiyadan əsər-əlamət yoxdur və bu, Vaşinqtonu heç də narahat etmir. Çünki Rusiya ilə əməkdaşlıq etmək onun demək olar ki, tamamilə Çinin təsir dairəsinə düşməsindən daha sərfəli ola bilər. Görünən odur ki, bu proses artıq 90 faiz baş tutub.
Bütün bunlara baxıram və özümə bir sual verirəm: mən hansı düşərgədə olmaq istərdim?
Subyektiv olaraq SpaceX mənə çox yaxındır. Bəli, onun səhmlərini də almışam. Anduril də maraqlı şirkətdir. OpenAI və Anthropic-in məhsullarını bəyənirəm, amma onların ideoloji narrativləri mənə o qədər də yaxın deyil.
Əlbəttə, ABŞ-ın ordusu, donanması, hərbi hava qüvvələri və bütövlükdə hərbi sistemi də mənim marağımı çəkir. Macəra naminə orada xidmət etməyə gedərdim. Təəssüf ki, yaşım buna imkan verməz, məni qəbul etməzlər.
Hərçənd, mənim də öz resursum var: başım!
Müəllif: Aleks Krol
Tərcümə etdi: Ağagül Mürsəlov,
KONKRET.az
