Demokratların sol qanadının əsas ideyalarından biri (təkcə Amerikada deyil, dünyanın bir çox ölkəsində) varlıların sərvətinə vergi tətbiq etməkdir. Köhnə və yaxşı tanıdığımız “Qarət olunanları geri alaq!” şüarı. Bir sıra ölkələr artıq bu yola baş vurub və acı təcrübə qazanıblar. Məsələn, Fransa 2010-cu illərin əvvəllərində, İsveç isə hələ ötən əsrdə bu siyasəti sınaqdan keçirib.
Lakin belə böyük kapital sahiblərinin reaksiyası gözlənildiyindən daha sadə olub: onlar biznesləri ilə birlikdə ölkəni tərk ediblər. Nəticədə dövlət nəinki sərvət vergisindən gözlədiyi gəliri əldə edə bilməyib, əksinə, büdcə digər vergi daxilolmalarından da məhrum olub.
“Lənət olsun bunlara!” – deyə prezidentlər və baş nazirlər düşünüblər. İndi isə hökumətlər tədricən bu “boşluqları” aradan qaldırmağa çalışırlar. Məqsəd birdir: kapital sahiblərinin ölkədən qaçışının qarşısını almaq, imkan daxilində varlıları vergiyə cəlb etmək!
Gözlənilmədən məlum olub ki, kapital İtaliyanı – bu, guya yer üzündəki cənnəti də tərk edir. Gənclər gələcəklərini ölkədə görmür, başqa yerlərə üz tuturlar. Üstəlik, İtaliya biznes qurmaq və inkişaf etdirmək üçün, Mayakovskinin təbirincə desək, “lazımi səviyyədə təchiz olunmuş ölkə” deyil. Buna görə də təkcə gənclər deyil, kifayət qədər varlı insanlar da ölkəni tərk etməyə başlayıblar. Bu isə artıq ciddi narahatlıq doğurur.
Təkcə 2024-cü ildə İtaliyanı 190 mindən çox insan tərk edib. Belə bir vəziyyətdə İtaliya hökuməti 2027-ci ildən qüvvəyə minməsi nəzərdə tutulan yeni qanun hazırlayıb. Qanuna əsasən, ölkəni tərk edən və aktivlərinin dəyəri 800 min avro və daha çox olan rezidentlərə 26 faizlik vergi tətbiq ediləcək.
Bəzi tanışlarımın təbirincə desək: “Siz doğrudanmı 800 min avronu böyük sərvət hesab edirsiniz?”
Verginin hansı mexanizm əsasında hesablanacağı da kifayət qədər müəmmalıdır. Söhbət reallaşdırılmamış aktivlərin dəyərindəki artımdan – yəni hələ satılmamış əmlak və digər kapitalın kağız üzərində bahalaşmasından əldə olunan gəlirdən gedir. Bunun necə hesablanacağı isə hələ aydın deyil.
2027-ci ildə vəziyyətin necə olacağını indidən söyləmək çətindir. Ancaq bir şey demək olar: 2026-cı ilin noyabr-dekabr aylarında İtaliyanı tərk edən “köçəri quşların” sayı xeyli arta bilər.
Görünür, sərvət sahibləri artıq çamadanlarını yığmağa hazırlaşırlar. Qoqolun məşhur əsərindəki ifadəni bir qədər dəyişsək: “Biz sizin yanınıza gəlmişik, professor, həm də çox ciddi bir məsələ ilə bağlı…”.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
