5 oktyabr Azərbaycanda müəllimlərin əməyinin xüsusi qeyd edildiyi gündür. Bu gün minlərlə müəllim təbrik olunur, onların təhsildəki rolu xatırlanır. Amma müəllimlər Günündə məktəblərin başqa bir problemi də gündəmə gəlir: bəzi fənləri tədris edən müəllimləri tapmaq hələ də asan deyil.
Bəs Azərbaycanda ən çox hansı fənlərin müəlliminə ehtiyac var?
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Azərbaycanda məktəblərdə müəllim çatışmazlığı ilə bağlı müzakirələr illərdir davam edir. Lakin problem bütün fənlər üzrə eyni deyil. Rəsmi rəqəmlər əsas fənlər üzrə vakansiyaların böyük hissəsinin doldurulduğunu göstərsə də, son iki ildə yayılan məlumatlar xüsusilə riyaziyyat, fizika, kimya və informatika müəllimlərinə ehtiyacın bəzi bölgələrdə daha qabarıq olduğunu göstərir.
“Yeni Sabah” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin 2024-cü il üzrə hesabatına əsasən, həmin il müəllimlərin işə qəbulu müsabiqəsinə 66 723 elektron müraciət daxil olub, 6283 namizəd işə qəbul olunub. Nazirlik əsas fənlər üzrə vakant yerlərin tutulma faizinin 90 faizdən yuxarı olduğunu açıqlayıb.
2025-ci ildə isə MİQ üzrə 65 565 elektron müraciət qəbul edilib, 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Nazirliyin hesabatında əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisinin yenə 90 faizdən çox olduğu bildirilib. Bununla yanaşı, tədris ili ərzində müxtəlif qəbul turları ilə 10 minə yaxın müəllimin işə qəbul edildiyi qeyd olunub.
Bu rəqəmlər ölkə üzrə ümumi mənzərənin “bütün məktəblərdə müəllim çatışmır” formasında olmadığını göstərir. Problem daha çox konkret fənlər və xüsusilə regionlar üzrə cəmlənir.
Bəs hansı fənlərdə?
Riyaziyyat, fizika, kimya və informatika önə çıxır.
Təhsil ekspertləri son illərin MİQ nəticələrinə əsasən vakant yerlərin daha çox riyaziyyat, fizika, kimya, informatika, xarici dillər, texnologiya və peşəyönümlü fənlər üzrə müşahidə edildiyini bildirirlər. Onlar xüsusilə riyaziyyat, fizika, kimya və informatika müəllimlərinə tələbatın yüksək olaraq qaldığını, problemin region məktəblərində daha ciddi göründüyünü deyirlər.
Burada diqqət çəkən məqam həmin ixtisasların əmək bazarında alternativ imkanlarının geniş olmasıdır. Riyaziyyat və informatika üzrə təhsil alan şəxslər özəl kurslarda, İT sektorunda, proqramlaşdırma, analitika və digər sahələrdə işləyə bilirlər. Bu isə məktəblərin həmin mütəxəssisləri, xüsusilə ucqar rayonlarda saxlamağını çətinləşdirir.
Fizika və kimyada da oxşar vəziyyət müşahidə olunur. Bu fənlər üzrə ixtisaslı kadrların sayı məktəblərin bütün ehtiyacını eyni səviyyədə qarşılaya bilmir.
2024-cü ilin sonunda Lerikdəki məktəblərdən birində yaranan vəziyyət də problemin regional xarakterini göstərmişdi. Məktəb rəhbəri yerli mediaya açıqlamasında rayonda əsasən kimya-biologiya və savadlı fizika müəllimlərinin çatışmadığını bildirmişdi. Onun sözlərinə görə, bəzi vakansiyalara uzun müddət müəllim gəlməyib.
Direktor riyaziyyat üzrə də ciddi problem yarandığını deyib. Hətta məktəbdə 10 saatlıq riyaziyyat vakansiyasına müəllim tapılmadığını açıqlayıb.
Problemin yalnız “dəqiq elmlər”lə məhdudlaşmadığı da görünür. Həmin açıqlamada ətraf kəndlərdə musiqi müəllimlərinin ümumiyyətlə olmadığını bildirən məktəb rəhbəri bəzi hallarda dərslərin başqa ixtisas müəllimləri hesabına təşkil edilməsinə məcbur qaldıqlarını söyləmişdi.
Bu isə başqa bir problemi ortaya çıxarır: bəzi fənlərdə ölkə üzrə çox böyük kadr çatışmazlığı olmasa da, azsaylı şagirdlərin olduğu kənd məktəblərində ayrıca müəllim ştatının formalaşdırılması çətinləşir. Çünki həmin məktəbdə bir fənn üzrə dərs saatlarının sayı az olduğundan müəllimin tam dərs yükü formalaşmır. Belə vəziyyətdə müəllim üçün həmin kənddə işləmək maddi baxımdan da cəlbedici olmur.
Son iki ilin məlumatlarının ən mühüm nəticələrindən biri budur: Azərbaycanda müəllim çatışmazlığı daha çox ərazi üzrə qeyri-bərabər paylanır. Bakıda və böyük şəhərlərdə bir vakant yer üçün çoxsaylı namizədin müraciət etdiyi halda, ucqar kənd məktəblərində eyni vakansiya uzun müddət boş qala bilir. Bunun səbəbləri arasında nəqliyyat, yaşayış yeri, kirayə, sosial imkanların məhdudluğu və az dərs yükü göstərilir. Yəni problemin bir hissəsi müəllim hazırlığı ilə, digər hissəsi isə hazır müəllimin hansı məktəbdə işləmək istəməsi ilə bağlıdır.
Və hazırkı tendensiya dəyişməzsə, xüsusilə riyaziyyat, fizika, kimya və informatika üzrə yeni müəllimlərin hazırlanması və onların region məktəblərində saxlanılması yaxın illərin əsas məsələlərindən birinə çevrilə bilər.
