2024-cü il dekabrın 24-də Zərdab rayonunda Kür çayında batan 13 yaşlı yeniyetmə qızın meyiti yanvarın 2-də tapılıb. Meyit batdığı yerdən təxminən 15 kilometr aralıda, Kür çayının Kürdəmir rayonunun Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Mərhumun nənəsi Aişə Kərimova hadisə ilə bağlı danışaraq bildirib:
“Uşağı səhər dərsə yola salmışdım. Qardaşı ilə birlikdə evdən çıxmışdılar. Yolda məktəbdə işləyən xadimə ona “Gəl, birlikdə gedək” desə də, Saray “Sən get, mənim işim var, adam gözləyirəm” deyib. Sonra gözlədiyi qıza “İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” söyləyib. Bilmirəm ki, aralarında nə baş verib. Dekabrın 4-də də ad günü idi. Anası zəng etmişdi. Nə qədər desək də, onunla danışmaq istəmədi. Anası üç il əvvəl uşaqlarını qoyub başqasına ərə gedib”.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
***
Kür çayının Əlvənd kəndindən (Zərdab rayonu) keçən hissəsində batan 2011-ci il təvəllüdlü Saray Kərimlinin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
KONKRET.az FHN-ə istinadla xəbər verir ki, 8-ci sinif şagirdinin meyiti batdığı yerdən 15,16 km aralıda tapılıb.
Hadisə dekabrın 24-də qeydə alınıb.
Saray Kərimli səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb. Əmisi Zamin Kərimovun dediyinə görə, müəllimləri onun məktəbə gəlmədiyini bildikdən sonra axtarışına başlayıblar. Azyaşlının çantası Kür çayının kənarında tapılıb.