“8 Noyabr bütün azərbaycanlıların qürur günüdür” – Zəfər Günü ilə bağlı diqqətçəkən açıqlamabackend

“8 Noyabr bütün azərbaycanlıların qürur günüdür” - Zəfər Günü ilə bağlı diqqətçəkən açıqlama

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcı, milli ruhun və tarixi ədalətin bərpasının rəmzidir. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş nöqtəsi deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının milli qürurunun və özünəinamının yüksəlişidir.

Bəs Zəfər Günü Azərbaycan tarixində hansı mənanı daşıyır və bu Qələbənin milli kimliyimizə təsiri nədən ibarətdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, 8 Noyabr Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcıdır.

Onun sözlərinə görə, xalqımız tarix boyu müxtəlif sınaqlarla üzləşsə də, son əsrlərdə yaşanan hadisələr milli inkişaf və dövlətçilik baxımından ciddi çətinliklər yaradıb.

“Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasına səbəb olub, sonrakı dövrlərdə isə dövlətçilik ənənələrimiz ağır zərbələrə məruz qalıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli istiqlalın bərpası istiqamətində mühüm hadisə olsa da, 1920-ci il aprelin 27-də ölkəmizin sovet işğalına məruz qalması bu prosesi yarımçıq qoyub. Azərbaycan xalqı uzun illər sovet hakimiyyətinin əsarəti altında yaşamağa məcbur olub”.

Onun sözlərinə görə, müstəqilliyin bərpasından sonra da Azərbaycan Ermənistan və onun havadarlarına qarşı mübarizə aparmalı olub:

“8 Noyabra aparan yol heç də asan olmayıb. Birinci Qarabağ müharibəsindən məğlub ayrıldıq, İkinci Qarabağ müharibəsindən əvvəl isə atəşkəs şəraitində yaşayırdıq və torpaqlarımız işğal altında idi. Məhz bu baxımdan 8 Noyabr təkcə 10 milyonluq Azərbaycan Respublikasının deyil, 50-60 milyonluq bütöv Azərbaycan xalqının tarixində yeni mərhələdir”.

Faiq Ələkbərli vurğulayıb ki, 44 günlük müharibədə əldə olunan Qələbə yalnız hərbi gücün nümayişi kimi qiymətləndirilməməlidir. Bu, həm də milli ruhun dirçəlişi, xalqın özünəinamının və qürur hissinin bərpasıdır.

Politoloqun fikrincə, Azərbaycan tarixində milli ruhun qorunmasında və dövlətçilik ideyalarının yaşadılmasında mühüm rol oynamış şəxsiyyətlərin xidmətləri danılmazdır. O, Cavad xan, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər tarixi şəxsiyyətlərlə yanaşı, Heydər Əliyevin də milli dirçəliş prosesindəki rolunu xüsusi qeyd edib.

“XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın milli ruhunun yenidən yüksəlməsinə mühüm töhfə verib. 1918-1920-ci illərdə əldə olunan istiqlal yarımçıq qalsa da, müstəqilliyin bərpasından sonra dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm nəticələr əldə edilib”.

Politoloq hesab edir ki, Zəfər Gününü yalnız Azərbaycan Respublikasının əhalisi ilə məhdudlaşdırmaq düzgün deyil. Bu tarixi Qələbə dünyanın müxtəlif bölgələrində yaşayan bütün azərbaycanlılar üçün böyük mənəvi əhəmiyyət daşıyır:

“Bu zəfər yalnız 10 milyonluq xalqımızın deyil, Təbrizdə, Borçalıda, Dərbənddə, Kərkükdə və dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının zəfəridir. Bu günü yalnız Azərbaycan Respublikasının əhalisinə aid etmək doğru deyil. Bu, dünya azərbaycanlılarının Zəfər Günüdür”.

Faiq Ələkbərli əlavə edib ki, qarşıda duran əsas hədəflərdən biri qazanılmış tarixi uğurları daha da möhkəmləndirmək, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirmək və gələcək nəsillərə daha qüdrətli dövlət miras qoymaqdır.

O, gələcəkdə daha böyük uğurların əldə olunacağına inandığını bildirərək Şuşa, Laçın, Cəbrayıl, Kəlbəcər və Ağdamın azad edilməsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*