Bakıda çoxmərtəbəli yaşayış binalarında elektrik naqillərinin alışması yanğın təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Xüsusilə yeni tikililərdə baş verən belə hadisələr MTK-ların binaların tikintisi ilə yanaşı, istismar zamanı da təhlükəsizlik tələblərinə nə dərəcədə əməl etməsi məsələsini gündəmə gətirir.
Nərimanov rayonunda, Əliyar Əliyev küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının elektrik şaxtasında naqillərin yanması nəticəsində sakinlər təxliyə olunub. Hadisə çoxmərtəbəli binalarda elektrik təsərrüfatının vəziyyəti və ümumi təhlükəsizlik sistemlərinin nəzarətdə saxlanılması məsələsini yenidən aktuallaşdırıb.
KONKRET.az-a açıqlamasında danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, çoxmərtəbəli yaşayış binalarında baş verən yanğınların əsas səbəblərindən biri ümumi istifadədə olan elektrik xətlərindəki nasazlıqlardır.
Onun sözlərinə görə, bu cür hadisələr nəticəsində təkcə binaya maddi ziyan dəymir, sakinlərin həyatı və sağlamlığı da ciddi təhlükə ilə üzləşir:
“Çoxmərtəbəli binalarda elektrik xətlərinin alışması ciddi fəsadlara səbəb olur. Belə hallarda yaranan tüstü və zərərli maddələr sakinlər üçün böyük təhlükə yaradır. İnsanlar tüstüdən boğulma riski ilə üzləşir, binanın təxliyəsi zərurəti yaranır. Bəzən yanğının nəticələrinin aradan qaldırılması və binanın əvvəlki vəziyyətinə qaytarılması bir neçə gün çəkir”.

Ekspert qeyd edib ki, problemin əsas səbəblərindən biri çoxmərtəbəli binaların istismarının peşəkar və ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilməməsidir. Onun fikrincə, bu sahədə müvafiq nəzarət mexanizmləri gücləndirilmədikcə oxşar hadisələrin təkrarlanması istisna deyil.
E.Azadov bildirib ki, ölkədə çoxmərtəbəli yaşayış binalarının idarə olunması sahəsində ixtisaslaşmış kadrların hazırlanması və sertifikatlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə yaşayış komplekslərində ümumi monitorinqlərin aparılması, binaların idarə edilməsinə cavabdeh personalın peşəkarlıq səviyyəsinin yoxlanılması planlaşdırılır.
Ekspertin sözlərinə görə, yoxlamalar zamanı yaşayış komplekslərini idarə edən şəxslərin fəaliyyəti, hüquqi sənədləşmə və sakinlərin müraciətləri də diqqətdə saxlanılmalıdır. Bu prosesdə mənzil qanunvericiliyinin tələblərinə əməl olunması xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Nərimanovda baş verən son yanğın çoxmərtəbəli binalarda təhlükəsiz istismarın yalnız tikinti mərhələsində deyil, binanın bütün istifadə müddəti ərzində təmin edilməsinin vacibliyini bir daha göstərir.
Aynurə İsmayıl
KONKRET.az
