Qarabağsız hər qətrə suda qüssə, hər tikə çörəkdə kədər yatırdı. Süfrəmiz dolu olsa da, ürəyimizin bir yeri həmişə boş qalırdı. Günəş doğurdu, günlər bir-birini əvəz edirdi, uşaqlar böyüyür, insanlar yaşlanırdı. Amma nədənsə həyatımızın bir parçası həmişə yarımçıq görünürdü. Çünki biz bütöv deyildik. Torpaqlarımızın bir hissəsi bizdən uzaqda, xatirələrimizin, arzularımızın, dualarımızın içində yaşayırdı.
Biz o yerlər üçün çox darıxırdıq. Çünki sevirdik. İnsan sevmədiyi yerin həsrətini belə çəkməz. Biz Qarabağı da, Qubadlını da, Laçını da, Kəlbəcəri də, Şuşanı da, Cəbrayılı da, Zəngilanı da yalnız xəritədə bir coğrafi məkan kimi görmürdük. Orada bizim tariximiz vardı, babalarımızın ayaq izləri vardı, analarımızın laylası, atalarımızın zəhməti, uşaqlığımızın xatirələri vardı. Orada doğulub boya-başa çatmış insanların ömrü, qurulmuş evlər, söndürülmüş ocaqlar, yarımçıq qalmış arzular vardı.
Biz o torpaqlar uğrunda savaşmaq istəyirdik. Onları yenidən görmək, qaytarmaq, bütövlüyümüzü bərpa etmək istəyirdik. Bəzən elə düşünürdük ki, ömrümüzün illərini boşluqda yaşamışıq. Hər il bir az da böyüyən həsrətimiz vardı. Qubadlısız günlərimizdə üzümüzün bir tərəfi həmişə ağlar qalmışdı. Bir gözümüz güləndə o biri gözümüzdə nisgil dayanırdı. Elə bil ürəyimizin bir parçası öz doğma yurdunda girov qalmışdı.
Hər gün ölüb-dirilirdik. Bəzən ümidimiz azalır, bəzən tərəddüdlər içimizi didib-parçalayırdı. Amma bütün bunlara baxmayaraq, qəlbimizin dərinliyində bir ümid şamı yanırdı. O şamın alovu bəzən titrəyir, bəzən küləkdən sönəcəkmiş kimi görünürdü. Hətta elə anlar olurdu ki, sanki şam tamamilə əriyib qurtarmışdı. Ümidlərimiz də o ərimiş şamın üzərində közərirdi. Amma biz o sonuncu közün də sönməsinə imkan vermirdik.
Çünki bilirdik: Qarabağ bizim idi. Qubadlı bizim idi. Bu torpaqlar bizim tariximiz, dövlətçiliyimiz, milli kimliyimiz və mənəvi bütövlüyümüz idi.
Bəli, biz tam bədbəxt deyildik. Çünki bütün ağrılarımıza baxmayaraq, dövlətimiz vardı, xalqımız vardı, iradəmiz vardı. Bir dövlət, bir xalq olaraq hər gün özümüzə eyni sualı verirdik: Sabah nə edəcəyik? Bu həsrətə necə son qoyacağıq? Torpaqlarımıza necə qayıdacağıq? Çünki sabahını düşünməyən, gələcəyinə hazırlaşmayan, məqsədini müəyyənləşdirməyən xalqın yaşamaq haqqı belə təhlükə altına düşə bilər.
Biz gözləyirdik, amma yalnız gözləmirdik. Dövlət qururduq, güclənirdik, ordumuzu hazırlayırdıq, iqtisadiyyatımızı möhkəmləndirirdik. Bəzən səbrimiz tükənirdi, amma dövlətçilik iradəmiz tükənmirdi. Hər keçən il bizə bir həqiqəti daha aydın göstərirdi: torpaqları itirmək faciədir, amma həmin torpaqları geri qaytarmaq əzmindən əl çəkmək daha böyük faciə olardı.

Və nəhayət, 2020-ci il gəldi.
Bu il Azərbaycan xalqının tarixində yalnız hərbi əməliyyatların, döyüşlərin və qələbələrin ili olmadı. Bu il bir xalqın özünə, öz gücünə, öz dövlətinə və gələcəyinə inamının təntənəsinə çevrildi. 2020-ci il sübut etdi ki, Azərbaycan xalqı öz ləyaqətini, şərəfini və milli qürurunu hər şeydən uca tutur. Biz öz sərkərdəmizin ətrafında bir yumruq kimi birləşərək Vətən müharibəsinə başladıq. Hər kəsin ürəyində eyni arzu, dilində eyni dua, düşüncəsində eyni məqsəd vardı: Vətən bütövləşməlidir!
Cəbhədən gələn hər xəbər ürəyimizi həm ağrıdır, həm də ümidlə doldururdu. Hər azad edilən kənd, hər yüksəklik, hər şəhər sanki illərdir qəlbimizdə daşlaşmış bir nisgili əridirdi. Şəhid xəbərləri gələndə dünya başımıza uçurdu, amma onların qanı ilə yazılan qələbə xəbərləri bizə bir daha ayağa qalxmaq gücü verirdi.
Biz o günlərdə qəhrəmanlığın nə olduğunu yenidən öyrəndik. Qəhrəmanlıq yalnız silah götürüb döyüşə getmək deyilmiş. Qəhrəmanlıq bəzən ananın göz yaşını gizlədərək oğlunu cəbhəyə yola salmasıdır. Bəzən atanın qapı önündə dayanıb övladının yolunu gözləməsidir. Bəzən bacının qardaşının şəklini sinəsinə sıxaraq gecəni səhərə qədər yatmamasıdır. Bəzən də bir əsgərin son nəfəsində belə Vətən torpağını düşünməsidir.
Və biz Zəfəri qazandıq!
Amma bu Zəfər bizə asanlıqla verilmədi. Onun hər qarışında şəhidlərimizin qanı, qazilərimizin ağrısı, əsgərlərimizin alın təri, analarımızın duası, xalqımızın iradəsi var. Bu qələbənin arxasında illərlə qurulan dövlətçilik siyasəti, güclənən iqtisadiyyat, müasir ordu, milli birlik və sarsılmaz siyasi iradə dayanırdı.
Biz 44 gün ərzində yalnız işğal altındakı torpaqlarımızı azad etmədik. Biz tariximizin yarımçıq qalmış səhifəsini tamamladıq. Dünyaya göstərdik ki, Azərbaycan xalqı öz torpağını, dövlətini və milli ləyaqətini qorumaq əzmindədir. Bir daha sübut etdik ki, torpağın sahibi onu heç vaxt unutmur. Hətta ondan min kilometr uzaqda yaşasa belə, ürəyinin bir parçasını həmin torpaqda saxlayır.
Amma 8 Noyabr mənim üçün təkcə Zəfər tarixi deyil. Bu gün həm də böyük qürur tarixidir. Böyük Azərbaycan ideyasının yeni güc qazandığı, milli birliyimizin tarixi sınaqdan üzüağ çıxdığı gündür. Mənim üçün 8 Noyabr əsrlərin döyüş ruhunu, babalarımızın mübarizə əzmini, xalqımızın sınmayan iradəsini özündə birləşdirən müqəddəs bir tarixdir.
Bu gün biz yalnız torpaqlarımızın azadlığını qeyd etmirik. Bu gün biz özümüzü tanıdığımız, xalq olaraq kim olduğumuzu bütün dünyaya göstərdiyimiz günü qeyd edirik. Neçə-neçə papaq altında yatan oğullarımızı tanıdığımız gündür 8 Noyabr. Adlarını bəlkə də əvvəllər eşitmədiyimiz, amma qəhrəmanlıqları ilə millətin yaddaşına əbədi həkk olunan igidlərimizin günüdür.
Bu, böyük ürəkli, əyilməz ata-anaların günüdür. Öz oğullarını Vətənə qurban verən, amma başını dik tutan anaların günüdür. Ərini, qardaşını, övladını torpağın bütövlüyü naminə itirən, lakin Vətən sevgisini itirməyən qadınlarımızın günüdür. Mən onların qarşısında baş əyirəm. Onların çəkdiyi ağrının qarşısında sözlər acizdir. Heç bir təbrik, heç bir mükafat, heç bir dövlət təltifi şəhid anasının ürəyindəki boşluğu doldura bilməz. Amma onların fədakarlığı bir həqiqəti əbədi yaşadacaq: Azərbaycan torpağı heç vaxt sahibsiz deyil!
Mən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə ehtiramımı bildirirəm. Müzəffər Ali Baş Komandanın qarşısında əsgər salamı verirəm. Çünki bu Zəfərin arxasında bir dövlətin iradəsi, bir ordunun gücü və bir xalqın inamı dayanırdı. O gün Azərbaycan öz tarixinin ən ağır sınaqlarından birini şərəflə keçdi.

Dünya durduqca, yaşa, Azərbaycan!
Amma bu gün bir arzum da var. Bəlkə də mənim kimi düşünən, illərlə Qubadlının, Laçının, Kəlbəcərin, Cəbrayılın, Zəngilanın yollarını xəyalında addımlayan minlərlə insanın ürəyindən keçən bir arzudur bu.
Mən 30 ildən artıqdır öz ocağına, kəndinə, torpağına qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərə müraciət etmək istəyirəm. O insanlara ki, illərlə kirayələrdə, yataqxanalarda, müvəqqəti məskunlaşma yerlərində yaşadılar. Övladlarını doğma yurdlarından uzaqda böyütdülər. Nəvələrinə kəndlərini, bulaqlarını, dağlarını, həyətlərini şəkillərlə, xatirələrlə tanıtdılar. Bəziləri ata-baba yurdunu yalnız danışılan xatirələrdən tanıyan övladlar böyütdü. Bəziləri isə ömrünün sonuna qədər bir dəfə də olsun doğma evinin qapısını açmaq arzusuna çata bilmədi.
Onların hər biri bir ömürlük həsrət daşıdı. Bəzən bir insanın ömrü bir evin açarına bağlandı. O açar illərlə cibdə gəzdirildi, amma açacağı qapıdan uzaqda qaldı. O açar bəlkə də artıq heç bir qapıya uyğun gəlmir, amma onun mənəvi dəyəri heç vaxt itmir. Çünki o, bir evin deyil, bir ömrün, bir ailənin, bir nəslin xatirəsini qoruyur.
İndi həmin insanların çoxu doğma yurda qayıtmaq imkanı əldə edib. Amma mən istəyirəm ki, bu qayıdış yalnız fiziki köçlə məhdudlaşmasın. Bu, həm də mənəvi qayıdış olsun. İllərlə ürəyimizdə daşıdığımız həsrətin sevincə çevrildiyi, yarımçıq qalan ömürlərin tamamlandığı bir qayıdış olsun.
Arzu edirəm ki, ağsaqqallarımız, ağbirçəklərimiz, uşaq vaxtı məcburi köçkün olmuş həmyaşıdlarımız bir gün 8 Noyabrı Qubadlıda qeyd etsinlər. O gün Zəfər tarixini torpaq həsrəti ilə deyil, öz dədə-baba yurdlarında, öz evlərinin həyətində, doğma kəndlərinin küçələrində, çal-çağırla bayram etsinlər.
Qoy bir vaxtlar köç yollarında ağlayan analar bu dəfə sevincdən ağlasınlar. Qoy illərlə doğma kəndinin adını çəkəndə kövrələn atalar nəvələrinin əlindən tutub onlara öz evlərini, bulaqlarını, bağlarını göstərsinlər. Qoy uşaqlarımız Qubadlını yalnız tarix kitablarından, fotoşəkillərdən, böyüklərinin nisgilli söhbətlərindən deyil, öz gözləri ilə tanısınlar.
Qoy Qubadlının küçələrində yenidən uşaqların səsi eşidilsin. Qoy həyətlərdə ocaqlar yansın, süfrələr açılsın, qapılar döyülsün, qonşular bir-birini ziyarət etsin. Qoy illərdir bir-birindən ayrı düşmüş insanlar doğma torpaqda yenidən görüşsünlər. Qoy hər evdə bir bayram yaşansın.
Mən istəyirəm ki, o gün Qubadlıda bir süfrə açılsın. Həmin süfrənin başında illərlə bu günü gözləyən ağsaqqallarımız otursun. Şəhid ailələri, qazilər, keçmiş məcburi köçkünlər, gənclər və uşaqlar bir araya gəlsinlər. Həmin süfrədə çörəyin dadı başqa olsun. Çünki o çörək artıq həsrət torpağında deyil, azad edilmiş Vətən torpağında bişəcək.
Bəlkə də onda biz illərlə içimizdə gəzdirdiyimiz o boşluğun nəhayət dolduğunu hiss edəcəyik. Bəlkə də onda hər qətrə suda qüssə yox, sevinc, hər tikə çörəkdə kədər yox, rahatlıq olacaq.
Mənim 8 Noyabr arzum budur. Zəfəri yalnız xatırlamaq deyil, onun bəxş etdiyi azadlığı yaşamaqdır. Qələbənin sevincini doğma torpaqda, doğma insanlarla bölüşməkdir.
Çünki Zəfər yalnız geri qaytarılmış torpaq deyil. Zəfər həm də geri qayıdan insan, yenidən yanan ocaq, açılan məktəb, tikilən ev, səslənən uşaq gülüşü, doğma kəndin küçəsində eşidilən salamdır.
Biz torpaqlarımızı qaytardıq. İndi o torpaqlarda həyatı, ümidləri, xatirələri yenidən dirçəltməliyik. Şəhidlərimizin bizə əmanət etdiyi Vətəni daha da gücləndirməli, gələcək nəsillərə bütöv, güclü və suveren Azərbaycan ötürməliyik.
Mənim üçün 8 Noyabrın ən böyük mənası budur: daha heç bir Azərbaycan övladı öz doğma yurdunun həsrəti ilə böyüməsin. Heç bir ana övladının qayıtmayacağı bir yola baxmasın. Heç bir uşaq ata-baba yurdunu yalnız şəkillərdən tanımasın. Heç bir ailənin süfrəsində torpaq həsrətindən doğan o köhnə boşluq qalmasın.
Qoy Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, xalqımız bir olsun! Qoy şəhidlərimizin ruhu şad olsun! Qoy Qubadlıda, Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, bütün Qarabağda həyat daim davam etsin!
Və qoy bir gün hamımız doğma yurdlarımızda bir araya gəlib ürəkdən, heç bir nisgil yaşamadan deyək:
Dünya durduqca, yaşa, Azərbaycan! Amin!

Fadil Paşayev,
Əməkdar jurnalist
