Hər zəfərin arxasında təkcə qələbə sevinci deyil, həm də illərin gətirdiyi ağrılar, göz yaşları və sarsılmaz bir səbir dayanır. Azərbaycan xalqı üçün 8 Noyabr — Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bir bayram deyil; bu, otuz illik həsrətin və ən əsası, torpaq uğrunda canından keçən igidlərin ruhuna olan minnətdarlıq simvoludur.
Bəzi acılar o qədər dərinə işləyir ki, onları unutmaq mümkün deyil; lakin həmin acını qürura çevirmək xalqın mənəvi diriliyinin ən böyük sübutudur.
Otuz il ərzində hər qarabağlı öz yurdunun nisgili ilə yaşadı. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər adları çəkiləndə hər kəsin ürəyində bir tel qırılırdı. Yurdsuz qalmaq, doğma ocaqdan uzaq düşmək insan ruhunda heç vaxt sağalmayan bir yara idi. O illərin acısı hər bir azərbaycanlının qəlbində gizli bir intizar kimi yaşanırdı. Yurd həsrəti, dağıdılmış məscidlər, viran qoyulmuş evlər, doğma torpağın boynu bükük mənzərəsi hər birimizin içində sönməz bir od idi. Məhz bu sonsuz acıların və illərin intizarının fonunda Azərbaycan xalqı öz qətiyyətini göstərdi.
Bu otuz illik həsrətə və ədalətsizliyə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Xalqın sarsılmaz iradəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi ilə birləşərək vahid bir “Dəmir yumruq” formalaşdırdı. Cənab İlham Əliyevin istər hərbi, istərsə də diplomatik cəbhədə göstərdiyi polad kimi iradə düşmənin illərlə qurduğu istehkamları və mifləri darmadağın etdi.
Məhz onun “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri və Şuşanın fəthi ilə taclanan tarixi Zəfər müjdəsi bütün azərbaycanlıların qəlbini qürur və sevinc göz yaşları ilə doldurdu.
“Vətən sevgisi sözlə deyil, əməllə, tökülən qanla ölçülər.”
Bu Zəfər təkcə bir hərbi uğur deyil, canını və qanını Vətən uğrunda fəda edən minlərlə igidimizin müqəddəs əsəridir. Torpaqlarımızı azad etmək üçün gözünü qırpmadan hücuma atılan, şəhadət şərbətini içən şəhidlərimiz öz adlarını tarixin ən uca zirvəsinə yazdılar. Onlar bizə təkcə azad olunmuş torpaqlar deyil, həm də başıdik, qürurlu bir vətəndaş kimi yaşamaq haqqı miras qoydular.
Zəfərimizin yaşayan şahidləri və qəhrəmanları olan veteranlarımız və qazilərimiz isə bu mübarizənin ən parlaq timsalıdır. Şəhid analarının şəhid məzarları üstündə tökdükləri göz yaşları bu torpaqların necə alınmasının ən acı, amma ən müqəddəs şahidi idi. Çəkilən hər bir acı bu gün azad və bütöv Azərbaycanın təməl daşına çevrildi.
Bu gün Qarabağda ucalan Azərbaycan bayrağı həm çəkilən acıların sonu, həm də böyük Zəfərin əbədi təsdiqidir. Biz Şuşada, Xankəndidə, Kəlbəcərdə yanan hər bir yeni ocaqda şəhidlərimizin ruhunu şad edir, qazilərimizin fədakarlığını ehtiramla yad edirik. Zəfərimiz əbədi, birliyimiz sarsılmazdır!”

Xədicə Mürsəlzadə,
KONKRET.az
