Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və həmkarı Nikolay Patruşevlə görüşüb. Bu barədə məlumat yayan dünyaca məşhur “Wall Street Journal” nəşrinin açıqladığı digər məqamlar isə ciddi müzakirələrə səbəb olub. Belə ki, nəşrin mənbələri ABŞ-ın Zelenskiyə təzyiq etdiyini açıqlayıblar. HəmçininZelenskinin Putinlə görüşə qoyulan qadağanı ləğv etməsini və müharibəni bitirməsini tələb kimi səsləndiriblər. İndiki şəraitdə Ağ Evin Zelenskiyə belə bir tələblə müraciət etməsinin nə dərəcədə real olub-olmadığı isə geniş müzakirə olunur.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, əslində ABŞ-ın Ukraynaya dəstək verdiyini söyləmək doğru deyil: “Çünki bu dəstək hücum silahları ilə müşaiyət olunmur. Ukraynaya bu günə qədər müdafiə xarakterli silahlar verilib. Konkret olaraq Lendlis xarakterli bir dəstəyin ortaya çıxdığı görünmür. Hərçənd ABŞ vaxtilə SSRİ-yə bu cür dəsətək nümayiş etdirib. Yəni Sovet imperiyasına təyyarələr, tanklar və digər hücum xarakterli silahlar göndərilib. SSRİ-nin qalib gəlməsində bu silahların müstəsna rolu olub. Amma göründüyü kimi rəsmi Kiyevə lendlis xarakterli dəsətyin verildiyini müşahidə etmədik. Bu aspektdən yanaşdıqda müharibənin dayandırılması ilə bağlı Ukraynaya təzyiqlərin ediləcəyi gözləniləndir. Çünki Ukraynanın bu qədər müqavimət göstərəcəyini nə ABŞ, nə də onun müttəfiqləri gözləmirdi. Amma Ukrayna xalqının dirənişi mahiyyət etibarı ilə müharibənin gedişatında kifayət qədər ciddi dəyişikliklərə səbəb oldu. “Wall Street Journal”ın ciddi resurs olduğunu nəzərə alsaq, belə bir müzakirənin aparıldığına inanmaq mümkündür”.

Politoloq əlavə edib ki, müdafiə xarakterli silahların verilməyəcəyi və dəstəyin davam etdirilməyəcəyi təqdirdə müharibənin dayandırılması üçün müvafiq addımlar atmaq lazım gələcək: “İndiki şəraitdə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisindən çəkilməsi ilə bağlı məsələdə müəyyən güzəştlər oluna bilər. Məsələn Rusiyanın 2014-cü il sərhədlərinə geri çəkilməsi və bu kimi digər məsələlər ətrafında müzakirələrin aparılması mümkündür və sözügedən ehtimal hər zaman mövcuddur”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
