ABŞ-ın neft tankerlərinin Hörmüz boğazından gecə keçidlərini hərbi müşayiətlə təmin etməsinə dair gizli planı effektiv nəticə verib.
KONKRET. az CNN-ə istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, hazırda Hörmüz boğazından gündəlik 8–9 milyon barel neft daşınır.
Bu göstərici “Wall Street” analitiklərinin və gəmilərin transponder məlumatları əsasında izlənməsi xidmətlərinin hesablamalarından təxminən iki dəfə çoxdur.
Məlumata görə, ABŞ hərbçiləri Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və BƏƏ neft şirkətlərinə hasil etdikləri nefti Hörmüz boğazından çıxarmağa kömək edir. Tankerlər İranın pilotsuz uçuş aparatlarının hücumu riskini azaltmaq üçün transponderlərini söndürərək gecə saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə boğazdan keçirlər.
Gəmilər Fars körfəzindən nefti Oman körfəzinə çatdırır və burada yükü alıcıların tankerlərinə boşaldırlar. Daha sonra həmin gəmilər yeni neft partiyalarını götürmək üçün yenidən boğazdan geri qayıdır.
CNN iki gün ərzində 10-dan çox belə neft yükləmə-boşaltma əməliyyatını qeydə alıb. Daşınan neftin bir hissəsi Çin, Tayvan, Cənubi Koreya, Filippin, Vyetnam və Taylanda göndərilib.
Telekanal qeyd edir ki, gəmilərin izlənməsi xidmətləri transponderləri söndürülmüş tankerlər barədə məlumatları nəzərə almır. Bu isə ABŞ Energetika Nazirliyinin açıqladığı rəqəmlərlə analitiklərin hesablamaları arasındakı ciddi fərqi izah edə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
