“ABŞ-ın Yunanıstanda hərbi baza açması Türkiyəyə yönələn bir işarədir” – İLGİNC DETALLARbackend

“ABŞ-ın Yunanıstanda hərbi baza açması Türkiyəyə yönələn bir işarədir” – İLGİNC DETALLAR

Avropada geosiyasi vəziyyətin getdikcə çətinləşdiyi bir dövrdə kiçik dövlətlər milli maraqlarını qorumaq üçün müxtəlif addımlar atır. Belə dövlətlərdən biri də Yunanıstan oldu. Belə ki, Yunanıstan parlamenti ABŞ-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlığı Sazişini (MDCA) ratifikasiya edib. Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin ABŞ-a səfərindən əvvəl parlamentdə təsdiqlənən razılaşma Vaşinqtona bu ölkədə biri dənizdə olmaqla ümumilikdə 4 hərbi baza açmağa icazə verir.

Bəs görəsən, Yunanıstanda belə bir hərbi bazanın açılması əslində nədən xəbər verir? Bu məsələ Yunanıstan-Türkiyə münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Fikrət Sadıxov cavablandırıb. O bildirib ki, Yunanıstan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq özünü sığortalamaq istəyir: “Son dövrlərdə dünyada geosiyasi vəziyyət xeyli gərginləşib. Rusiya ilə NATO arasında da gərginlik pik həddə çatıb. Hər bir dövlət özünü sığortalamaq üçün hansısa super ölkənin köməyinə sığınır. Bəziləri öz ərazisində müxtəlif güclü dövlətlərin hərbi baza açmasına razılıq verir. Bu addım daha öncə Finlandiya tərəfindən də atılmışdı. İndiki halda Yunanıstana heç bir təhlükə yoxdur. Düzdür, yunanların uzun illər ərzində Türkiyə ilə gərgin münasibətləri olub. Lakin Türkiyənin ərazisində də ABŞ-ın hərbi bazası var. Fikirləşmirəm ki, ABŞ-ın Yunanıstanda hərbi baza açması kiməsə təhlükə yaratsın. Hər iki dövlət, həm Türkiyə, həm Yunanıstan NATO-nun üzvləridir. Onların arasında qanlı toqquşmanın olacağını ehtimal etmirəm. Lakin Yunanıstan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq özünü sığortalamaq istəyir. Buna görə də parlament tərəfindən belə bir qərar qəbul edilib”.

Politoloq bildirib ki, ABŞ-ın Yunanıstanda hərbi bazasının açılması müəyyən səviyyədə Türkiyəyə yönələn bir işarədir: “Lakin bu o demək deyil ki, tərəflər arasında dərhal müharibə başlayacaq. Görünür ABŞ iki dövlət arasında balans yaratmaq istəyir. Nəzərə almaq lazımdır ki, Yunanıstandan Aralıq dənizinə çıxış yolları daha da genişlənir. Onların strateji mövqeləri möhkəmlənir. Bu, Türkiyə üçün müəyyən qədər təhlükə formalaşdırır. Lakin Türkiyə güclü dövlətdir. Qardaş ölkə də  NATO-nun üzvü olaraq hansısa ölkənin hərbi bazasını aça bilər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*