Qardaş Türkiyədə törədilən terror aktı və bu hadisə ətrafında səsləndirilən səs-küykü fikirlər səngimək bilmir. Türkiyə hökumətinin İstanbulda törədilən hadisəyə görə PKK və ABŞ-ı günahlandırması isə gündəmin ən çox müzakirə edilən mövzusudur. İndi hər kəsi Türkiyə ilə müttəfiq olan ABŞ-ın hansı səbəblərdən belə bir addıma rəvac verməsi maraqlandırır. Əgər səsləndirilən ehtimallar doğrudursa, o zaman ABŞ-ın belə bir addım atmasının səbəbi nədir? Rəsmi Vaşinqton öz müttəfiqi olan Türkiyədə niyə terror aktının törədilməsinə dəstək verib?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, hadisədən sonra Türkiyə tərəfi təkcə PKK-nın yox, PYD-nin də günahkar olduğunu açıqladı və ABŞ-ın başsağlığını qəbul etmədi: “Bu təbii haldır və başadüşüləndir. Məsələ ondan ibarətdir ki, PKK və PYD ABŞ tərəfindən maliyyələşdirilir və müdafiə edilir. Türkiyə uzun müddətdir ki, Suriyada hərbi əməliyyatlara başlamaq istəsə də, PYD-nin nüfuz dairəsində olan Suriyanın şimal-şərqindəki Deyr əz-Zor bölgəsinə girməyə ABŞ icazə vermir. Türkiyə dəfələrlə ABŞ-a terror təhlükəsi ilə bağlı müraciət edərək maliyyə dəstəyini kəsməsini istəsə də, rəsmi Vaşinqton Ankaranın Yaxın Şərqdə terror təşkilatı kimi tanıdığı silahlı qruplaşmalara pul ayırmağı dayandırmayıb. Əksinə PYD-nin müxtariyyəti üçün əlindən gələn dəstəyi göstərir. Bu baxımdan Türkiyənin reaksiyası çox təbiidir”.

Politoloq əlavə edib ki, törədilən terror aktında PKK və PYD faktorunun olması bir neçə istiqamətlərdə özünü göstərir: “PKK Türkiyənin daxili problemidir. PYD isə terrorla mübarizədəki əsas prioritetlərindəndir. Çünki PKK-nı dəstəkləyən ünsürlərdən biri də Suriyada fəaliyyət göstərən PYD-dir. Faktiki olaraq bunları eyni təşkilat kimi saymaq mümkündür. Fərq yalnız birinin Türkiyə, digərinin isə Suriya qanadı olmasındadır. ABŞ-ın bu iki təşkilatı maliyyələşdirdiyi isə heç kimə sirr deyil. ABŞ-ın PKK və PYD-ni dəstəklədiyini nəzərə alsaq, o zaman Türkiyədəki terrorun arxasında Vaşinqtonun dayandığı qənaətinə gələ bilərik. Prinsip etibarilə Türkiyənin bu yanaşması doğrudur. Çünki bu təşkilatları ABŞ maliyyələşdirirsə, onda terrorun sifarişçisi də məhz Vaşinqtondur”.
Turan Rzayevin sözlərinə görə, ABŞ Türkiyəni öz strateji müttəfiqi adlandırsa da, sərgilədiyi mövqe buna adekvat deyil: “Əslində ABŞ-ın gözündə dostu və düşməni eynidir. Yəni onlar düşmənlərinin tamamilə məğlub olmasını istəyirlər. Dostlarının isə güclənməsinin tərafdarı deyillər. ABŞ üçün tək qüvvə özüdür. Digər tərəfdən Türkiyə ABŞ-dakı seçkilər zamanı Baydeni deyil, Trampı dəstəkləyib. Çünki Bayden daha çox qlobalistlərin təmsilçisidir və beynəlxalq terror şəbəkələrinin dəstəklənməsi onların yanaşmasında yer alır. Amma Tramp milli şəxs idi və onun Ərdoğanla fikirləri müəyyən mənada uzlaşırdı. Bayden hakimiyyətə gəldikdən sonra Türkiyənin Trampı dəstəklədiyini unutmayıb. Hesab edirəm ki, hakimiyyətə gəlmədən öncə Türkiyə ilə bağlı verdiyi açıqlamaları bu gün yerinə yetirir. Bayden açıq şəkildə Türkiyəyə qarşı sanksiyaların olacağını, Ankaranı nəzarətdə saxlayacağını söyləmişdi. Bu gün biz ABŞ-ın Ankaranı həqiqətən də sıxışdırdığının şahidi oluruq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
