Ukrayna və ABŞ “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin hər ay tədarükü barədə razılığa gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
O bildirib ki, Vaşinqtonla əldə olunan razılaşmaya əsasən, Ukraynaya hər ay “Patriot” raketləri göndəriləcək. Lakin Kiyev üçün nəzərdə tutulan raketlərin həcmi ölkənin real ehtiyaclarını tam qarşılamır.
Zelenski əlavə edib ki, Ukraynaya Avropa ölkələrinin də dəstəyi lazımdır. Kiyev xüsusilə ballistik raketlərə qarşı müdafiə imkanlarının gücləndirilməsində əlavə yardım gözləyir.
Məsələ Ukraynanın hava hücumundan müdafiə sistemlərində ciddi raket çatışmazlığının yaşandığı bir vaxtda gündəmə gəlib. Reuters-in məlumatına görə, 2026-cı ildə Ukraynaya müttəfiqlər tərəfindən göndərilən hava hücumundan müdafiə raketlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə azalıb.
Son günlər Rusiya Ukraynaya qarşı raket və dron hücumlarını intensivləşdirib. Bu gün Kiyev və ətrafına həyata keçirilən genişmiqyaslı hücum nəticəsində azı 4 nəfər ölüb. Ukrayna tərəfi hücum zamanı 151 drondan 135-ni və 6 ballistik raketi vurduğunu açıqlayıb.
“Patriot” sistemləri Ukraynanın Rusiyanın ballistik raketlərinə qarşı əsas müdafiə vasitələrindən biri olaraq qalır. Raket-interseptorların çatışmazlığı isə Kiyevin hava hücumlarından müdafiə imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Günay Əli
KONKRET.az
