KONKRET.az dünya mediasına istinadən xəbər verir ki, bazar ertəsi Çində baş verən məhkəmədə Vaşinqton çin pastoru Vang Yinin “dövləti çökməyə təhrik etdiyi” üçün 9 illik həbs cəzasına reaksiya göstərib.
Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib ki, “Pastor Vang Yinin dini etiqad azadlığı üçün etdiyi dinc hərəkətləri ilə əlaqədar qapalı qapılar arxasında mühakimə olunduğunu və 9 il müddətinə azadlıqdan məhrum edildiyini eşitdik. Bu qərar Pekinin Çin xristianlarına və digər dinlərə artan təzyiqinin başqa bir nümunəsidir. Çini beynəlxalq müqavilələrdə və konstitusiyasında təsbit edilmiş din azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırmağa davam edəcəyik”.
Qeyd edək ki, Vanq Yi 2018-ci ilin dekabrında Çində lisenziyasız fəaliyyət göstərən ən məşhur kilsələrdən birində çalışıb. O, bir çox kilsə üzvləri və din adamları ilə birlikdə həbs edilib.
Digər məhbuslar bir il ərzində sərbəst buraxılıb, lakin Vang Yi məhkəmə nəticəsində 9 il müddətinə azadlıqdan məhrum edilib.
Çin Konstitusiyası din azadlığına zəmanət verir, lakin Şi Çinpinq altı il əvvəl prezident olduqdan sonra, Kommunist Partiyasının gücünə təhdid olaraq fərqli dinlərə qarşı təzyiqlər artıb.
Çin qanunlarına görə ibadət yerləri və dini mərkəzlər hökumətin razılığı ilə hüquqi status almalıdırlar. Ancaq bir çox kilsə nəzarətdən kənar qalmaq üçün lisenziya almaqdan imtina edir. Vang Yi prezident Şi Cinpinqi illərlə açıq şəkildə tənqid edən nadir ruhanilərdən biridir. 2006-cı ildə ABŞ prezidenti Corc Buşla görüşmək üçün o, ABŞ-a gedib və Çində dini etiqad azadlığı uğrunda mübarizəni dəstəkləməsini istəyib.
