Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili Tbilisidə hökumət əleyhinə keçirilən etiraz aksiyaları fonunda istefa verib.
KONKRET.az xəbər verir ki, səfir bu barədə məlumatı “X” hesabında paylaşıb.
Berdzenişvili ölkə rəhbərliyi tərəfindən Avropa İttifaqına inteqrasiya prosesinin faktiki olaraq dayandırılmasının əleyhinə olduğunu bildirib:
“Gürcüstanın Bolqarıstandakı səfiri postundan istefa verdim. Bütün diplomatik xidmətim ərzində Gürcüstanın Avroatlantik inteqrasiyası prosesinin təşviqi, eləcə də tərəfdaşlarımızla dayanıqlı və etibarlı strateji tərəfdaşlığımızın qurulması üçün həmkarlarımla fəal qarşılıqlı fəaliyyətdə olmuşam. Səylərimiz heç bir vasitə ilə məhv edilməməli idi”.
Səfir bununla yanaşı Tbilisidə aksiya iştirakçıları ilə tam həmrəy olduğunu qeyd edib.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların açılması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlayıb.
Bunun ardınca paytaxt Tbilisidə hökumətin bu qərarına qarşı kütləvi etiraz aksiyası keçirilib. Aksiya zamanı 43 etirazçı saxlanılıb, 32 polis əməkdaşı isə xəsarət alıb.//Qafqazinfo