Yenə problemdən yazaq. Nə olsun ki, yazırıq, deyirik, hay-küy edirik. Çox nadir hallarda reaksiya verirlər. Bəzi sahələrə aid qurumların rəhbərlərinin tənqid heç veclərinə də deyil. Elə bil vəzifəyə xalqın problemini həll etmək üçün yox, tənqiddən immunitet qazanmaq üçün gəliblər.
Bu dəfə Aztelekom dan şikayətçiyəm. Belə minnət çıxmasın, onlara görə ağacdələnin də üzünə dirənmişəm. Gülməyin, həftənin sonları rayona gəlirəm. Şəhər adamın canına qəsd edir deyə, burada bir az nəfəs alır, stressimi atıram. Amma ağacdələnə, bağışlayın, bu Aztelekoma görə stress bizi burada da tərk eləmir. Üç dəfədən çox 170 qaynar xəttinə zəng etmişik. Göydə Allah var, imanımı yandıra bilmərəm, gəlirlər, düzəldirlər, gedirlər. Yenə internet düzəlmir ki, düzəlmir. İlk çağırışda məlum oldu ki, kabelləri naməlum canlı didib.
– Bəlkə də ağacdələndir, nə bilək, – dedilər.
Mən də qızıl-qırmızı ağacdələnin üzünə dirəndim. Dedim, bəli, yayda burada ağacların həkiminin səsini çox eşitmişəm. Əclaf deyəsən, ağacların qurdlarını yox, Sumqayıt Texnologiyalar Parkının keyfiyyətsiz kabellərini yeyirmiş. Amma məsələ burasındadır ki, ağacdələnə böhtan atmaqla iş bitmədi. Gördülər, nəsə yaxşı alınmadı, bu dəfə başqa versiya ortaya çıxdı:
– Buralarda iti dişli sincablar olur. Kabellərdə polad var deyə, dişlərini onunla itiləyirlər.
Məni dəli, səy hesab etməyin, Quran haqqı, mənə dediklərini yazıram bura, bəzəksiz-düzəksiz. Dedim, vallah, imanımı yandıra bilmərəm, mən sincab adlı dövlət mülkiyyətinə zərər yetirən cinayətkarı görməmişəm. Əgər görsəm, dərhal 170-ə zəng edərəm. Bəlkə bu dəfə özləri gəlib sincabı cinayət başında tutarlar. Başlarını yellədilər, amma incəvara, düzəldib getdilər. Elə iyləri çəkilməmişdi ki, yenə internet kəsildi. 170 qaynar xətti sağ olsun. Artıq işimizdən çox bu nömrədə ilişib qalmışıq. Elə bil internet provayderinə yox, ailə həkiminə zəng edirik:
– Salam, yenə bizik. İnternetimiz xəstələnib.
– Narahat olmayın, sabah nümayəndəmiz gələcək.
Quba şöbəsindən əməkdaş gəlib modemə gedən nazik kabeli kəsdi, doğradı, əlqərəz, qırmızı işıq söndü. Uşaqlar sevindi. Evdə bir anlıq bayram ab-havası yarandı. Elə bil internet yox, uzun müddətdir itkin düşən qohumumuz tapılmışdı.
Amma bu sevinc də uzun çəkmədi. Bizim Sevinc artıq keçdi qarğışa. Yenə internet kəsilib. İndi 170-dən gələn səs deyir ki, sabah nümayəndəmiz gələcək. Sabah? Yenə?
Deyəsən, bu internetin təmirində yeni bir mərhələ başlayıb: “Sabah gələcəyik” serialı. Birinci seriyada ağacdələn, ikinci seriyada sincab, üçüncü seriyada kabeli kəsən əməkdaş. Dördüncü seriyada görəsən, nə çıxacaq? Qarışqa? Kirpi? Yoxsa modem özü etiraf edəcək ki, bütün bu işlərin arxasında mən dayanmışam? Aztelekom, qardaş, biz sizdən internet istəyirik, meşə təsərrüfatı hesabatı yox! Bizim evdə uşaqlar internet gözləyir, biz isə artıq meşə faunasını öyrənirik. Ağacdələnin səsini tanıyırıq, sincabın diş quruluşunu müzakirə edirik. Bir az da belə getsə, Quba meşələrində heyvanların internetə çıxışını araşdırmağa başlayacağıq.
İndi neyləyək? Nəbinin oğluna şikayət edək, yoxsa başqa bir qurum var, deyin bilək. Bəlkə Aztelekomdan əvvəl meşə təsərrüfatına müraciət edək? Heç olmasa ağacdələnlə sincabın ifadəsini alıb, məsələni aydınlaşdırsınlar. Bir də xahiş edirəm, sabah gələn nümayəndəyə deyin ki, bu dəfə kabeli kəsməsin. Biz artıq kabel kəsdirməkdən yorulmuşuq. İnternet istəyirik, kabellərin “qətlini” yox!
Ay, Aztelekom, sizi ağacdələn yesin, qurtarın da bu komediyanı!
Fadil Paşayev,
KONKRET.az
