Parkinq sisteminin işləmə prinsipi ilə bağlı suallar yaranıb.
KONKRET.az xəbər verir ki, sürücü avtomobili park etdiyi ərazidən uzaqlaşdırdıqdan sonra parkinqi tətbiqdə bağlamağı və çıxışı təsdiqləməyi unudarsa, həmin parkinq yerinin sistemdə necə əks olunduğu maraq doğurur.
İddia olunur ki, belə halda avtomobil ərazidən çıxmasına baxmayaraq, parkinq sessiyası sistemdə aktiv olaraq qalmalıdır. Bu isə həmin yerin proqramda hələ də məşğul görünməsinə səbəb ola bilər.
Digər tərəfdən, əgər sürücü çıxışı təsdiqləməyibsə, eyni parkinq yerində başqa avtomobilin parklanması zamanı sistemin bunu necə qəbul etdiyi sual doğurur.
Məsələ ilə bağlı əsas sual budur: əvvəlki sürücü parkinqi bağlamayıbsa, proqram həmin yeri yeni avtomobil üçün necə boş hesab edə bilir?
Bu vəziyyətdə sistemin avtomobilin ərazidən faktiki olaraq çıxmasını hansı mexanizmlə müəyyənləşdirdiyi də aydınlaşdırılmalıdır.
Açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal parklanma vaxtını başlatmalı və avtomobil məntəqəni tərk etdikdə onu sonlandırmalıdır.

“Bu prosesin düzgün reallaşdırılması məsuliyyəti sürücünün üzərindədir. Proqram təminatı avtomobilin parklanma yerini tərk etdiyini təyin edə bilməz, çünki sürücü öz avtomobilini məntəqədə saxlayaraq digər nəqliyyat vasitəsi ilə və ya piyada ərazini tərk edə bilər.
Boş yerlərin mövcudluğu tətbiqdə informativ xarakter daşıyır. Tətbiqdə boş yer görünməsə də, fiziki olaraq boş yer varsa, proqramın funksionallığı parklanma vaxtını başlatmağa icazə verir.
Parklanma məntəqələrində nəqliyyat vasitələrinin davamlı monitorinqi aparılır, məlumatlar sistemə ötürülür və qanunamüvafiq qaydada proses aparılmadığı təqdirdə cərimə tətbiq olunur. Cərimə protokolunun elektron kabinetdə yerləşdirilməsi və bu barədə SMS məlumatlarının göndərilməsi isə qanunvericiliklə 24 saat ərzində təmin edilməlidir. Parklanma ödənişi isə parklanma yerinin məşğul edilməsinə görə edilir”, – deyə T.Orucov bildirib.\\oxu.az
