Almaniyanın Düsseldorf şəhərində yerləşən restoranlar rezervasiya edən və sonra gəlməyən müştərilərlə mübarizə aparmaq qərarına gəlib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Reyn-Vestfaliya Otellər və Restoranlar Assosiasiyası (DEHOGA NRW) məlumat yayıb.
Bildirilib ki, cərimələrin tətbiqi hələ pandemiyadan əvvəl müzakirə edilib, lakin karantin dövründə bu təşəbbüs unudulub. Vəziyyət stabilləşəndən sonra restoranlar problemin həllinə qayıdıblar. Söhbət rezervasiyanın ləğvi zamanı restoranlara vurulan maddi ziyandan gedir.
DEHOGA NRW nümayəndələri 2022-ci ilin dekabrında Şimali Reyn-Vestfaliyada 270 restoran arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 90 faizindən çoxu bildirib ki, restoranlarında rezervasiyaların ləğvi səbəbindən bir neçə dəfə maliyyə itkisinə məruz qalıblar.
Qeyd edək ki, bu yenilik artıq Fransa kimi bəzi qonşu ölkələrdə effektivdir. Belə ki, masa və ya yemək sifariş edərkən müştərilər kart məlumatlarını təqdim edirlər, rezervasiyaların ləğvi halında onlardan adambaşına cərimə tutulur.
Məlumata görə, Düsseldorfda bir neçə restoran artıq yeni qaydalarla fəaliyyətə başlayıb. Belə ki, bu restoranlarda cərimələr 30 ilə 50 avro arasında dəyişir.
İqbal Rzayev,
KONKRET.az
