ADY sərnişinləri hər gün bu basabasa məhkumdur! Bəs bunun məsuliyyəti kimdədir?
KONKRET.az xəbər verir ki, jurnalist Sevinc Paşayeva sosial şəbəkə hesabında bu məsələ ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, səhər saatlarında Sumqayıtdan Bakıya gedən qatarlarda vəziyyət artıq dözülməz həddə çatıb!
ADY 7:20 reysini ləğv edib. Nəticədə qatarların hərəkətində 20 dəqiqəlik interval yaranıb. 7:10-da qatara minən sərnişinlər 7:30-a qədər gözləyir. Sonra isə yolboyu 12 stansiyada sərnişinlər qatara doluşduqca basabas daha da artır.
Jurnalistin sözlərinə görə, təxminən bir saatlıq yolu insanlar, sözün əsl mənasında, bir-birinin belində gedirlər. Ən acınacaqlısı isə budur ki, əlillər, uşaqlar, yaşlılar və hamilə qadınlar üçün belə normal şərait qalmır.
Kondisioner isə söndürülmür ki, qapı ağzında sıx dayanan sərnişinlər havasız qalmasın. Nəticədə bir tərəfdə insanlar boğulur, digər tərəfdə isə oturan sərnişinlər soyuqdan üşüyür.
Sürücünün “minib-düşənlər cəld olsun” çağırışı, vaqonlarda gərginlik, sərnişinlərin əsəbi, bütün bunlar əməlli-başlı xaos yaradır
Bəs ADY nə edir?
Sərnişinlər narazıdır, media yazır, problem hər gün göz qabağındadır. Amma hələ də nə qrafik dəyişdirilir, nə vaqonların sayı artırılır, nə də Bakı–Xırdalan–Sumqayıt reysi bərpa olunur.
KOKNRET.az
