Birinci Qarabağ müharibəsində yaralanan Astara rayonunun Marzəsəy kənd sakini Aslan Babayev 7 nəfərlik ailəsinin maddi çətinliklərlə üzləşdiyini bildirir.
O, KONKRET.az-a müraciətində aylıq gəlirinin kredit və borclara yönəldiyini, ailənin gündəlik ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyini və iki körpə nəvəsinin olduğunu qeyd edib. Qazi yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlardan yardım istəyir.
“Biz ailədə 7 nəfərik. İşləyirəm, maaş, müharibə veteranı pulu da alıram. Amma həmin pulu alan kimi kreditlərə verirəm. Əlimdə heç nə qalmır. Evdə ac vəziyyətdə qalırıq. Maddi vəziyyətimiz çox ağırdır. Əzab-əziyyət içində yaşayırıq. İki körpə nəvəm var. Onların ehtiyaclarını qarşılaya bilməmək mənə çox ağır gəlir”, – deyə Aslan Babayev bildirib.
Qazi sözlərinə görə, yığılan kredit və dükan borcları ailəni çıxılmaz vəziyyətə salıb:
“Mən və ailə üzvlərim bu ağır vəziyyətə dözməkdə çətinlik çəkirik. Bilmirəm dərdimizi kimə, hara deyək. Bizim şikayətimizə, problemimizə baxan yoxdur”.
Aslan Babayev ailəsinin vəziyyətinin yaxşılaşdırılması üçün Ombudsmana da müraciət etdiyini bildirib. Onun sözlərinə görə, müraciət Astara Rayon İcra Hakimiyyətinə yönləndirilib. Lakin oradan ailəyə maddi yardım göstərilməsinin mümkün olmadığı bildirilib.
“Ümidlə müraciət etdim. Ombudsmana dedim ki, ailəmin maddi vəziyyəti çox ağırdır, köməyə ehtiyacımız var. Müraciətimi Astara Rayon İcra Hakimiyyətinə göndərdilər. Oradan isə bildirdilər ki, bizə maddi yardım düşmür. Bəs biz nə edək? Kimə müraciət edək? Ailəmizi bu vəziyyətdən necə çıxaraq?” – deyə qazi sual edib.
Aslan Babayev aidiyyəti qurumlardan, eləcə də imkanlı şəxslərdən ailəsinin vəziyyətinə diqqət yetirmələrini və ona maddi dəstək göstərmələrini xahiş edir.
Qeyd: Müraciətdə səsləndirilən fikirlər vətəndaşın öz mövqeyidir. KONKRET.az məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.
Aynurə İsmayıl
KONKRET.az


