AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu BƏYANAT YAYDIbackend

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu BƏYANAT YAYDI

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzi erməni təxribatları ilə bağlı bəyanat yayıb.

KONKRET.az bəyanatı təqdim edir:

“Ermənistan tərəfinin uzun illərdir ki, Azərbaycana qarşı davam edən təxribat hərəkətləri son günlər intensiv xarakter alıb. Sentyabrın 12-si gecə saatlarından etibarən Azərbaycanın Laçın, Kəlbəcər, Zəngilan, Gədəbəy və Daşkəsən rayonlarının ərazisi Ermənistan ordusu tərəfindən artilleriya və müxtəlif çaplı silahlardan, minaatanlardan atəşə tutulub.Təbiidir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən dərhal adekvat cavab tədbirləri görülməklə dövlət sərhədlərimizin təhlükəsizliyi təmin edilib. Baş vermiş erməni təxribatı nəticəsində hər iki tərəfdən xeyli sayda hərbi texnika, mühəndis-texniki qurğular sıradan çıxmaqla çoxsaylı insan tələfatına yol verilmişdir. Bütün bunların səbəbkarı da, günahkarı da sözsüz ki, Ermənistanın hərbi-siyasi rəhbərliyidir.

Biz Albanşünaslıq Elmi Mərkəzi olaraq erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan oğullarına Allahdan rəhmət, əzizlərinə isə səbr diləyirik. Əminliklə bildiririk ki, onların qanı yerdə qalmır və qalmayacaq! Biz Ermənistan tərəfinin hərbi toqquşmalara, çoxsaylı insan tələfatına və qarşılıqlı itkilərə səbəb olan hərəkətlərini qətiyyətlə pisləyir, bu yolda onlara havadarlıq edənləri qınayırıq.

Bir düşünün, Ermənistan Qarabağı işğal etməklə, onu 30 il işğal altında saxlamaqla, bu illər ərzində Azərbaycanın sülh çağırışlarından imtina etməklə nə qazandı?! Bəs 44 günlük müharibədən nə qazandı?! İstərdik ki, erməni siyasətçiləri, hərbiçiləri, alimləri və ziyalıları papaqlarını qarşılarına qoyaraq gec də olsa yaxşı-yaxşı fikirləşsinlər. Müharibə ilə, münaqişə və təxribatla, günü-gündən daha artıq qızışdırılan revanşizmlə Ermənistan və erməni xalqı nə qazandı, nələri qurban verdi?! Azərbaycanlılara aid məşhur el məsəlində deyildiyi kimi, “yetimə can-can deyən çox olar, amma çörək verən tapılmaz”. Ermənistan Respublikası da, erməni xalqı da artıq neçə illərdir məhz bu cür acınacaqlı vəziyyətdədir. Hər kəsə yalvarırlar, yardım və kömək diləyirlər. Əvəzində nə əldə ediblər?! Bununla belə əvvəllər olduğu kimi, bu gün də ayrı-ayrı güc mərkəzləri və siyasi dairələrin əlində oyuncaq olaraq qalmaqdadırlar. Nə vaxtadək belə davam edəcək?!

Bütün bunların bir daha təkrar olunmamasının yeganə yolu təxribatlara və revanşist çağırışlara son qoyulmasıdır. Azərbaycanın sülh çağırışlarına cavab verilməli və ərazi bütövlüyümüzə hörmət edilməlidir. Hər zaman böhtan dolu bəyanatları ilə seçilən ermənilər bilməlidirlər ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində davranır, öz ərazi bütövlüyünü qoruyur.

Azərbaycan Odlar ölkəsidir! Gəlin, Odlar yurdunun atəşi ilə oynamayın! Artıq əvvəlki nağıllar bitib. İndi hərb meydanında olduğu kimi, siyasət və diplomatiya meydanında da Azərbaycan reallığı var. Odur ki, Ermənistan tərəfi özünün ikiüzlü siyasətindən əl çəkərək, sülhə gəlsə onlar üçün daha yaxşı olar.

Azərbaycanın savaşı haqq savaşıdır. Təxribatçı Ermənistan başa düşməlidir ki, Azərbaycanla oyun oynamaq olmaz. Odur ki, biz erməni tərəfini dərhal təxribatlara son qoymağa, Qarabağa olan iddialarından həmişəlik əl çəkməyə, sülh danışıqlarına başlamağa və regionun inkişafı naminə əbədi sülhə hazır olmağa çağırırıq. Əks halda bir dövlət olaraq Ermənistanın gələcəyi çox ciddi sual altına düşə bilər. Bu həqiqətdir! Özü də artıq dünyanın bir çox siyasətçiləri və hətta Ermənistanın özündən olan ayrı-ayrı siyasətçilər tərəfindən təkrar-təkrar etiraf olunan bir həqiqətdir!

15 sentyabr hər il Azərbaycanda Bilik günü olaraq qeyd edilir. Yüz minlərlə müəllim və tələbə bu günü yeni dərs ilinin başlanğıcı kimi bayram edir. Nə yazıq ki, Ermənistanın hərbi-siyasi dairələrinin, onları üstümüzə qısqıranların və havadarlarının günahı ucbatından Bilik gününü növbəti dəfə erməni təxribatları nəticəsində həlak olmuş şəhid övladlarımızın matəm mərasimləri ilə üst-üstə düşdü. Vətənin sərhədləri keşiyində durarkən və öz əsgəri borcunu vicdanla yerinə yetirərkən qəhrəmancasına həlak olmuş neçə-neçə ataların övladları bu gün ağlaya-ağlaya, sızlaya-sızlaya məktəbə getmək taleyini yaşadı. Övlad toyu gözləyən atalar, analar, vüsala yetmək arzusu ilə yaşayan qızlar, gəlinlər qara geyib matəmə boyandılar. Onların ahını yer-göy tutmaz! Qoy, hər kəs bilsin ki, bu günah yerdə qalmaz! Onun üçün cavab verməli olacaqlar. Allah qarşısında, beynəlxalq hüquq qarşısında və nəhayət, qəhrəman AZƏRBAYCAN ƏSGƏRİ qarşısında!

Allah şəhidlərimizə rəhmət eləsin! Allah qazilərimizə şəfa versin! QARABAĞ AZƏRBAYCANDIR!

Qafar Cəbiyev, Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

Taleh Əliyev, Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Natiq Alışov, Qafqaz Albaniyasının memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Elmira Abbasova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru

Ellada Bəkirova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru

İradə Nəcəfova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru

Fariz Xəlilli, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru

Töhfə Hüseynova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru və digərləri.

15 sentyabr 2022-ci il

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*