Claude süni intellekt köməkçisinin yaradıcısı olan ABŞ-ın Anthropic şirkəti birjaya çıxaraq texnologiya sektorunun tarixində ən böyük ilkin kütləvi səhm təkliflərindən (IPO) birinə imza atıb.
KONKRET.az xəbər verir ki, şirkət səhmlərin yerləşdirilməsi və birbaşa investorlara satışı hesabına ümumilikdə 107 milyard dollardan çox vəsait cəlb edib. Bunun 81,3 milyard dolları səhm paketinin əsas hissəsinin satışından, təxminən 26 milyard dolları isə birbaşa investorlara təklif olunan səhmlərdən əldə olunub.
Noyabrın 19-da Anthropic səhmlərinin təxminən 1,5 trilyon dollar bazar dəyəri ilə ticarətə başlaması gözlənilir.
Şirkətin açıqlamasına görə, ümumilikdə 980 milyon səhm hər biri 83 dollardan satışa çıxarılıb. İlkin mərhələdə 825 milyon səhmin yerləşdirilməsi nəzərdə tutulsa da, yüksək investor marağı səbəbindən bu həcmin artırılmasına qərar verilib.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, səhm təklifinə tələbat mövcud təklifi dəfələrlə üstələyib.
2021-ci ildə yaradılan Anthropic qısa müddətdə süni intellekt bazarının əsas oyunçularından birinə çevrilib. Şirkətin məlumatına əsasən, cari ilin birinci yarısında gəlirləri 16,3 milyard dollar, xalis zərəri isə 80 milyard dollar təşkil edib.
Lakin bu nəhəng zərərin əməliyyat fəaliyyətindən yaranmadığı bildirilir. Göstərici mühasibat uçotu çərçivəsində aparılan yenidən qiymətləndirmə ilə əlaqələndirilir.
Anthropic-in birjaya çıxışı süni intellekt sektoruna investor marağının miqyasını nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az
