Aprel müharibəsi iştirakçısının atası Prezidentə müraciət etdi – FOTObackend

Aprel müharibəsi iştirakçısının atası Prezidentə müraciət etdi - FOTO

Sumqayıt şəhərində yaşayan  Qarabağ və Əfqanıstan müharibəsi iştirakçısı Sabir Ağagülov  sosial rifahının aşağı olmasından şikayətçidir. KONKRET.az xəbər verir ki, o, müharibə iştirakçısı olmasına baxmayaraq, çox az təqaüd aldığını deyir. Müsahibim bildirir ki, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi iştirakçısı kimi təqaüd almaq istəsə də, ona bunun mümkün olmadığını deyiblər.

Şəhərin Corat qəsəbəsi, ev 62 K ünvanında yaşayan müsahibim 1987-1989-cu illərdə Əfqanıstan müharibəsində iştirak edib və kontuziya alıb.

Sabir Ağagülov deyir ki, Əfqanıstandan qayıtdıqdan bir neçə il sonra Qarabağ müharibəsi başlayıb. Doğma torpaqlarımızın işğalına dözə bilməyən müsahibim 1991-ci ildə könüllü olaraq döyüş bölgəsinə yollanıb. Ağdam, Füzuli, Cəbrayıl və digər bölgələrdə ağır döyüş yolu keçib və 1995-ci ilə – yəni sülh müqaviləsi imzalanana qədər ön xətdə olub. Sabir deyir ki, övladı da 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Əməkdaşımızla söhbət zamanı Sabir Ağagülov qeyd edib ki, onu təxminən 2 ay öncə müharibə iştirakçısı kimi qeydiyyata alıblar.  Bundan sonra o, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsinə müraciət edərək, sosial rifahının aşağı olduğunu, 5 nəfər ailə üzvü ilə şəraitsiz mənzildə yaşadığını bildirib.

Müsahibim deyir ki, müharibə iştirakçıları dövlət tərəfindən mənzil, avtomobil və digər tələbat vasitələri ilə təmin olunduğundan,  o da bu cür diqqətdən kənarda qalmaq istəməyib.  Ev, yaxud torpaq sahəsi, eləcə də avtomobillə təminatında yardım göstərilməsini xahiş etdikdə, ona verilən cavab belə olub: “Hökumət əsasən müharibədə əlil olan şəxslərin avtomobil təminatını həyata keçirir”. Bu cavabdan sonra 50 yaşlı Ağagülov Sabir Ağagül oğlu son ümidini  ölkə prezidenti İlham Əliyevə müraciət etməkdə görür. Prezidentin hər zaman müharibə veteranlarına, Qarabağ əlillərinə, şəhid ailələrinə xüsusi qayğı ilə yanaşdığını deyən Sabir Ağagülov  bu diqqətdən kənarda qalmayacağına ümid etdiyini bildirir.

Mövcud problemlə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mənsurovla telefon  əlaqəsi saxladıq.  KONKRET.az-a açıqlama verən Teymuraz Mansurov bildirdi ki, Sabir Ağagülov onun rəhbərlik etdiyi qurumun üzvüdür: “Müharibə iştirakçılarının avtomobillə təminatı,  Azərbaycan Respublikası prezidentinin 20 iyun 1995-ci il tarixli 841 , 26 avqust 1994-cü il tarixli 842 nömrəli fərmanlarına əsasən tənzimlənir. Bu qərarlarda göstərilir ki, nəqliyyat vasitəsi yalnız müharibə əlillərinə verilə bilər. Lakin bu da bütün əlillərə deyil, xüsusi həkim ekspertizasının verdiyi rəyə əsasən, ayağı ambutasiya olunanlara şamil edilir. Ev növbəsi ilə bağlı deyə bilərəm ki,  lazımı dövlət orqanlarından müəyyən sənədlər ( özünün və həyat yoldaşının adına ev olmaması haqda Dövlət Reyster Xidmətindən arayış, özünün və həyat yoldaşının adına fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmaması haqda Bələdiyyədən arayış, nigah kağızının təsdiqlənən surəti, uşaqların və özlərinin şəxsiyyət vəsiqələrinin surəti, veteran olduğunu təsdiq edən sənədin təsdiqlənən surəti və şəhər rəhbərliyinin adına ərizə) toplayıb müvafiq icra hakimiyyətinə təqdim edən müharibə iştirakçıları növbəyə dayana bilərlər”.

Teymuraz Mansurov qeyd edib ki, Sabir Ağagülov ona şifahi şəkildə müraciət edib: “Mən də onu izah etdim ki, avtomobillə müharibə iştirakçıları yox, əlilləri təmin olunurlar. Bu dövlətin qəbul etdiyi bir qərardır”.

Sonda Teymuraz Mansurov bildirib ki, hər bir müharibə iştirakçısına, əlilinə və şəhid ailəsinə əlindən gələn köməyi etməyə hazırdır.

Biz də ümid edək ki, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı olan Sabir Ağagülovun sosial təminatının yaxşılaşdırılması istiqamətində aidiyyatı dövlət strukturları müvafiq addımlar atacaqlar.

Müşfiq TOFİQOĞLU

Bir cavab yazın