Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZAbackend

Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Amil Fərəcovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub və iş üzrə yeni ittiham hökmü çıxarılıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, ailə münaqişəsi zamanı Amil Fərəcov əvvəlcə arvadını bıçaqlayıb, daha sonra isə balta ilə baş nahiyəsinə zərbə endirərək onun həyatını təhlükə altına qoyan ağır xəsarətlər yetirib.

İş materiallarına əsasən, hadisə 2025-ci ildə saat 15:00 radələrində Neftçala rayonunun Sübh kəndində baş verib.

Belə ki, təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olub. O, yaşadığı evin həyətində həyat yoldaşı zərərçəkmiş Pərgül Fərəcova (adı, soyadı şərtidir) ilə ailədaxili mübahisə edib. Mübahisəyə səbəb qadının ərinə onun əxlaqsız həyat tərzi keçirdiyini irad tutması olub.

Mübahisə zamanı Amil Fərəcov həyətdəki masanın üzərində olan mətbəx bıçağını götürərək hamam tərəfə gedib. Orada olan arvadının sol qol nahiyəsinə bir dəfə bıçaq zərbəsi endirib. Nəticədə qadının sol saidinin aşağı üçdəbir hissəsində yara əmələ gəlib. Ekspertiza həmin xəsarəti sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirib.

Lakin bununla kifayətlənməyən təqsirləndirilən şəxsin hirsi soyumayıb. O, arvadını cəzalandırmaq məqsədilə evin həyətində olan dəmir baltanı götürərək Pərgülün baş nahiyəsinə güclü zərbə endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş başın təpə nahiyəsinin yarası, təpə sümüyünün qəlpəli basılmış sınığı və baş beynin ocaqlı travması kimi ağır xəsarətlər alıb. Ekspertiza bu xəsarətlərin həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirildiyini müəyyən edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə tövsif etmişdi. Hökmə əsasən, Amil Fərəcov həmin maddə üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*