“ATƏT-in Minsk Qrupu ağzına su alıb oturub, tərəflərin bir-birinə nə vaxt hücum edəcəyini gözləyir”backend

"ATƏT-in Minsk Qrupu ağzına su alıb oturub, tərəflərin bir-birinə nə vaxt hücum edəcəyini gözləyir"

İlkin Əliyev, Gənc Politoloqlar Mərkəzinin sədri

Müasir beynəlxalq münasibətlərdə dünyada mövcud olan bir çox problemlərin həlli məsələsində vasitəçilərdən istifadə olunur. Lakin mən hələ indiyə qədər hansısa dövlətlərarası münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsi ilə, vasitəçilərin köməyi ilə həll olunduğunun şahidi olmamışam. Elə götürək sonuncu ən böyük problemlərdən biri olan İranın nüvə proqramının dayandırılması ilə bağlı aparılan danışıqları. 2015-ci ildə  İranla  5+1 formatında (ABŞ,Böyük Britaniya, Fransa, Almaniya, Rusiya) danışıqlar müvəffəqiyyətlə başa çatsa da, bu razılaşmanın ömrü  cəmi bir-iki il çəkdi. ABŞ prezidenti D.Tramp hakimiyyətə gələn kimi həmin razılaşmanı pozdu və ABŞ birtərəfli qaydada sazişi dondurdu. İndi İran həmin proqramı davam etdirir. Məsələ burasındadır ki, İranın nüvə proqramının dondurulması məsələsində dünyanın aparıcı dövlətlərinin fikir ayrılığı və fərqli maraqları vardır. Məhz buna görə də həmin saziş qüvvədə qala bilmədi.

İndi isə keçək Dağlıq Qarabağ məsələsinin həllinə. Məsələ burasındadır ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin arasında bir çox məsələlərdə fikir ayrılığı olduğuna görə, Dağlıq Qarabağ məsələsinin həllində onlar ortaq məxrəcə gələ bilmirlər. Bu səbəbdən danışıqlar prosesi 1992-ci ildən bəri uzana-uzana gedir. Amma mən görürəm ki, mətbuatda hamı düşüb Minsk Qrupunun üstünə. Ola bilər ki, biz sadəlövhcəsinə indiyə qədər elə düşünmüşük ki, həmsədrlər bir araya gəlib Ermənistanı məcbur edəcəklər ki, işğalçılıq siyasətindən əl çəksin və işğal altında olan torpaqları azad etsin. Mənə elə gəlir ki, Minsk Qrupu bunu heç vaxt etməyəcək. Ən azından nə Fransa, nə Rusiya, nə də ABŞ Azərbaycana görə Ermənistanla münasibətini korlamaq istəməz və xüsusən də hansısa maraq güddükləri zaman.

Lakin biz Minsk Qrupunun indiyə qədərki fəaliyyətinə də kölgə salmamalıyıq. Ən azından son 25 ildə bu təşkilat iki dövlət arasında vasitəçilik edərək saysız-hesabsız variantları müzakirə edib və heç birinin də axırına çata bilməyib. Minsk Qrupunun fəaliyyətini son dövrlər heç uğurlu hesab etmək olmaz. 2020-ci ilin iyulunda Tovuzda baş verən Ermənistanın sonuncu təxribatından sonra ATƏT-in Minsk Qrupu ağzına su alıb oturub, tərəflərin bir-birinə nə vaxt hücum edəcəyini gözləyir. Mən belə düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri nəhayət, nə vaxtsa dilə gəlməli, əsl həqiqətləri söyləyərək kimin təcavüzkar, kimin isə təcavüzə məruz qaldığını açıq şəkildə ortaya qoymalıdır.

 

  • Ilkin
    Sentyabr 6, 2020 - 00:29

    ATƏT- in Mink qrupundansa AT ƏTİ yaxşıdır, geç pişir ama çox dadlı olur deyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*