Avropa ikili oynamaqla müharibəni uzadır, Rusiya isə maliyyə itkilərini asanlıqla konpensasiya edir – ÖZƏLbackend

Avropa ikili oynamaqla müharibəni uzadır, Rusiya isə maliyyə itkilərini asanlıqla konpensasiya edir – ÖZƏL

İki aydan çoxdur ki, Ukraynada işğalçı müharibə aparan Rusiya öz inadından dönmək istəmir. İndiyə kimi Qərb yalnız sanksiyalarla kifayətlənib. Lakin görünür sanksiyalar Kremli dayandırmağa kifayət etmir. Bununla yanaşı Avropa ölkələri hələ də Rusiyadan neft idxal edir. Müharibənin fonunda isə dünya bazarlarında neftin qiyməti sürətlə artır.  Bu isə təbii ki, ən böyük neft ixracataçılarından olan Rusiyanın gəlirlərini artırır. Avropa dövlətləri işğalçını pisləyib ona sözdə sanksiya tətbiq edir. Lakin öz maraqları ön plana keçəndə müharibə yada düşmür.

Maraqlıdır, Qərbin bu ikili siyasəti müharibənin taleyinə necə təsir edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki,  Aİ Rusiyadan neft-qaz alışına birdən-birə və tam məhdudiyyət qoymaq istəmir: “Rusiya-Ukrayna müharibəsi fonunda Qərb Kremli sıxışdırır. Lakin Avropa Rusiyaya sanksiyalar tətbiq etsə də, ondan neft idxalını tam məhdudlaşdırmayıb. Çünki bu, Aİ ölkələrinin iqtisadiyyatına ağır zərbə vura bilər. Ona görə də 6-cı sanksiyalar paketi sual altındadır. Yəni Aİ Rusiyadan neft-qaz alışına birdən-birə və tam məhdudiyyət qoymaq istəmir. Bu proses tədricən baş tuta bilər. Müharibə zamanı Rusiyaya tətbiq olunan sanksiyalar neftin qiymətini daha da artırdı və Rusiyanın neft gəlirləri yüksəldi. Belə bir şəraitdə Rusiya sanksiyalarla bağlı maliyyə itkilərini konpensasiya etmiş oldu. Digər tərəfdən neftin bahalaşması fonunda Rusiya digər dövlətlərə də öz təbii sərvətini baha qiymətə sata bilir. Bu da onun gəlirlərinin artmasına gətirib çıxarır. Rusiya Avropa ilə yanaşı  Asiya ölkələrinə də neft ixrac edir. Bu da ona itkilərini artıqlaması ilə balanslaşdırmağa imkan yaradır. Rusiya Avropa dövlətləri ilə qeyri-rəsmi ticarət əməliyyatlarını da aparır. Qaçaqmalçılıq yolu ilə və ya Qazaxıstan, Türkmənistan kimi üçüncü ölkələrin əli ilə bazara neft çıxarır”.

Gizli əl bazarda “at oynadır”: Alan da narazı, satan da

İqtisadçı bildirib ki, Avropa ikili oynamaqla müharibəni uzatmaq istəyir: “İndiki halda Ukraynaya daha çox hərbi yardım edilir. Digər tərəfdən Rusiyaya  sözdə sanksiya tətbiq olunur. Lakin əməldə bu məsələlər tam ciddi şəkildə aparılmır, sanksiyaların tətbiqi uzadılır. Bütün bunlar isə müharibənin daha da uzanmasına gətirib çıxarır. Qərbin də əsas məqsədi budur. Aİ müharibəni uzatmaqla Rusiya iqtisadiyyatının təməlini sarsıtmaq istəyir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*