Azərbaycanda ictimai nəqliyyatda sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq edilən fərdi qəza sığortası mexanizmi avtobus qəzaları zamanı xüsusi əhəmiyyət daşıyır.
Bəs belə hallarda sərnişinlərə sığorta ödənişlərini kim həyata keçirir və proses necə baş verir?
Bu barədə KONKRET.az-a açıqlama verən sığorta eksperti Emil Ağabağırov bildirib ki, avtobusda qəza baş verdikdə sərnişinlərə ödəniləcək fərdi qəza sığortası kompensasiyası daşıyıcının müqavilə bağladığı sığorta şirkəti tərəfindən həyata keçirilir.

Onun sözlərinə görə, sərnişinlərin fərdi qəza sığortasını birbaşa sərnişinlər deyil, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər və ya sahibkarlar rəsmiləşdirirlər.
“Əgər avtobusun aid olduğu şirkət və ya sahibkar hər hansı sığorta şirkəti ilə fərdi qəza müqaviləsi bağlayıbsa, qəza nəticəsində sərnişinlər xəsarət aldıqda və ya digər hadisə baş verdikdə ödəniş həmin şirkət tərəfindən həyata keçirilir. Burada əsas məsələ daşıyıcının hansı sığorta şirkətində sığortalanmasıdır”, – deyə ekspert qeyd edib.
Emil Ağabağırov vurğulayıb ki, bu qayda həm iri sərnişindaşıma şirkətlərinə, həm də fərdi sahibkar kimi fəaliyyət göstərən daşıyıcılara şamil edilir.
“Fərdi sahibkarın avtobusları varsa və o, sərnişindaşıma xidməti göstərirsə, həmin nəqliyyat vasitələri hansı sığorta şirkətində sığortalanıbsa, qəza zamanı xəsarət alan sərnişinlərə ödəniş də məhz həmin sığorta şirkəti tərəfindən verilir”, – deyə o, əlavə edib.
Ekspertin sözlərinə görə, bu prosesdə əsas maliyyə məsuliyyəti sığorta şirkətinin üzərinə düşür, dövlət qurumları isə yalnız qanunvericiliyin icrasına və nəzarət mexanizmlərinə cavabdehdir. Beləliklə, avtobus qəzası nəticəsində sərnişinlərin zərər görməsi halında kompensasiyanın ödənilməsi daşıyıcının seçdiyi sığorta şirkəti vasitəsilə təmin olunur.
Aynurə İsmayıl
KONKRET.az
