Avtomobillərin sığortalanması ilə bağlı yeni dəyişikliklər fonunda sürücülərin diqqəti yenidən Kasko sığortasına yönəlib. Könüllü sığorta növü olan Kasko avtomobilin qəza, yanğın, təbii fəlakət və digər risklər nəticəsində zədələnməsi və ya zərər görməsi zamanı avtomobil sahibinin maliyyə itkilərinin qarşılanmasına imkan verir.
Bəs qarşıdakı dövrdə Kasko sığortasının qiymətlərində artım gözlənilirmi? Sürücülər sığorta şirkəti seçərkən hansı məqamlara diqqət etməlidirlər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, hazırda Kasko sığortasının qiymətində artım gözlənilmir.

Onun sözlərinə görə, Kasko könüllü sığorta növüdür və hazırda bu sığorta üzrə tariflər kifayət qədər aşağıdır. Əsas məqsəd sığortanın vətəndaşlar üçün əlçatanlığını qorumaqdır.
“Bu, könüllü sığorta növüdür. Kasko üzrə qiymətlər kifayət qədər aşağıdır və əsas məqsəd vətəndaşlar üçün bu sığorta növünü əlçatan etməkdir.
Gələcəkdə, xüsusilə qarşıdakı 1-2 il ərzində Kasko tariflərinə yenidən baxılması gündəmə gələ bilər. Ölkəmizə gətirilən yeni nəsil avtomobillər bazarda getdikcə daha çox üstünlük təşkil edir. Bu avtomobillərin ehtiyat hissələri kifayət qədər bahadır. Eyni zamanda, işlənmiş ehtiyat hissələrinin tapılması da demək olar ki, mümkün deyil. Bu amillər gələcəkdə Kasko sığortası üzrə tariflərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, – ekspert qeyd edib.
Emil Ağabağırov Kasko sığortasının sürücülər üçün əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, güclü külək, intensiv yağış, yanğın və xüsusilə yol-nəqliyyat hadisələri avtomobillərə ciddi ziyan vura bilər. Belə hallarda Kasko sığortası avtomobil sahibinin üzərinə düşən maliyyə yükünü əhəmiyyətli dərəcədə azalda bilər.
Bəs sürücülər Kasko sığortası alarkən sığorta şirkəti seçiminə necə yanaşmalıdırlar?
Ekspertin sözlərinə görə, Kasko sığortasını müxtəlif sığorta şirkətlərindən əldə etmək mümkündür. Burada əsas məsələ şirkətin adından daha çox, sığorta müqaviləsinin şərtlərinə diqqət yetirməkdir.
“Burada daha çox diqqət edilməli məsələ qiymətlərdir. Qiymətin münasib olması ilə yanaşı, göstərilən xidmətlərə və müqavilədə nəzərdə tutulan istisnalara da diqqət edilməlidir”, – deyə Emil Ağabağırov vurğulayıb.
Ekspert sürücülərə Kasko müqaviləsini imzalamazdan əvvəl sığortanın hansı halları əhatə etdiyini, hansı risklərin istisna olunduğunu, sığorta ödənişinin şərtlərini və franşiza ilə bağlı müddəaları diqqətlə araşdırmağı tövsiyə edib.
Aynurə İsmayıl
KONKRET.az
