AYNA cəriməsinə görə narahat olanlara MÜJDƏ – Vəkildən AÇIQLAMAbackend

AYNA cəriməsinə görə narahat olanlara MÜJDƏ – Vəkildən AÇIQLAMA

“AYNA tərəfindən parklanma qaydalarının pozulmasına görə tətbiq edilmiş inzibati cərimənin ödənilməsi müəyyən hallarda təxirə salına və ya ona möhlət verilə bilər. Burada hüquqi terminologiyanı düzgün ayırmaq vacibdir. Qanunvericilikdə “cərimənin dondurulması” anlayışından istifadə olunmur; İnzibati Xətalar Məcəlləsi qərarın icrasının təxirə salınmasını, cərimənin ödənilməsinə möhlət verilməsini və müəyyən hallarda qərarın icrasının dayandırılmasını nəzərdə tutur”.

Bu fikirləri Vəkil Roman Qaraşov KONKRET.az-a açıqlamasında səsləndirib:

Tanınmış vəkil Dövlət Xidmətində yüksək vəzifəyə TƏYİN OLUNDU | KONKRET

“Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346-1-ci maddəsində nəzərdə tutulan parklanma qaydalarının pozulması ilə bağlı işlərə AYNA qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır. İnzibati Xətalar Məcəlləsinin 143.1-ci maddəsinə görə, cərimə haqqında qərarın müəyyən edilmiş müddətdə icrasını qeyri-mümkün edən hallar varsa, qərarı qəbul etmiş səlahiyyətli orqan onun icrasını bir ayadək təxirə sala bilər. Bundan əlavə, Məcəllənin 143.2-ci maddəsi şəxsin maddi vəziyyətini ayrıca əsas kimi qəbul edir və inzibati cərimənin ödənilməsi müddətinin altı ayadək uzadılmasına imkan verir. Bu məsələni də məhz qərarı çıxarmış orqan həll edir. Məcəllənin 142-ci maddəsinə əsasən, təxirəsalma və ya möhlət məsələsinə əsaslar olduqda üç gün müddətində baxılmalı və nəticədə ayrıca qərardad qəbul edilməlidir. Buna görə, məsələn, ağır maddi vəziyyətə istinad edilirsə, müraciətin gəlirlər, ailə öhdəlikləri və digər maliyyə vəziyyətini təsdiq edən sənədlərlə əsaslandırılması praktik baxımdan əhəmiyyətlidir. Yəni şəxsin sadəcə cəriməni ödəməməsi hüquqi mənada təxirəsalma hesab olunmur; bunun üçün səlahiyyətli orqanın müvafiq qərarı olmalıdır”.

Vəkil vurğulayır ki, digər məsələ isə cərimənin özünün qanuniliyinin mübahisələndirilməsidir.

“Əgər şəxs hesab edirsə ki, parklanma qaydasını pozmayıb və AYNA-nın qərarı əsassızdır, bu halda söhbət möhlətdən deyil, qərardan şikayətdən gedir. Yol hərəkəti və avtomobil yollarından istifadə qaydaları ilə bağlı qərarlardan, o cümlədən bu kateqoriyaya aid inzibati tənbeh qərarlarından şəxs rəsmi qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 144.1-ci maddəsinə görə isə qərardan şikayət və ya protest verildikdə həmin qərarın icrası şikayətə baxılanadək dayandırılır və bu barədə ayrıca qərardad qəbul edilir. Bu, praktik baxımdan mühüm fərqdir: maddi imkansızlıq varsa, 143-cü maddə üzrə möhlət və ya təxirəsalma tələb olunur; cərimənin əsassız olduğu iddia edilirsə, hüquqi yol qərardan şikayət verməkdir. Hər iki halda cərimə avtomatik şəkildə “silinmir”. Ümumi qaydaya görə, səlahiyyətli orqanın cərimə barədə qərarı qanuni qüvvəyə mindikdən və ya verilmiş möhlət və təxirəsalma müddəti başa çatdıqdan sonra cərimə 30 gündən gec olmayaraq ödənilməlidir. Məcəllənin 150.1-ci maddəsi bunu birbaşa müəyyən edir. Buna görə də hüquqi baxımdan AYNA cəriməsinin ödənişini müəyyən müddətə təxirə salmaq mümkündür, lakin bu, şəxsin öz qərarı ilə deyil, qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu və səlahiyyətli orqanın qəbul etdiyi prosessual qərarla mümkündür”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*