“Yüz illərdir ki, dünya, bizim dünyamız məhv olur. Amma bütün bu müddət ərzində heç kimin ağlına ona bomba yerləşdirib fitilini yandırmaq gəlməyib”.
Henri Miller, amerikalı yazıçı
1867-ci il noyabrın 25-də Alfred Nobel dinamitə patent aldı. Bu ixtira nəinki sənayenin inkişafına, həm də müharibə texnologiyalarının dəyişməsinə ciddi təsir göstərdi.
Hər şey nitroqliserinlə başlamışdı. Bu maddə son dərəcə güclü partlayıcı olsa da, həddindən artıq təhlükəli və qeyri-sabit idi. Alfred Nobel nitroqliserini diatomitlə qarışdıraraq onu daha rahat daşınan və istifadə edilən partlayıcı maddəyə çevirdi. Beləliklə, dinamit yarandı.
XX əsrin ortalarına qədər dinamit mədənçilik və tikinti işlərində geniş istifadə olunan əsas partlayıcı maddələrdən biri idi. Sonralar onu daha ucuz və təhlükəsiz alternativlər əvəz etməyə başladı. Hərbi sahədə isə dinamitdən istehkamların dağıdılması və minalama işlərində də istifadə edilirdi.
Nobelin ixtirası müasirləri tərəfindən yüksək qiymətləndirildi. Hələ 1868-ci ildə Alfred Nobel və atası nitroqliserinin partlayıcı maddə kimi tətbiqinə verdikləri töhfəyə görə İsveç Kral Elmlər Akademiyasının mükafatına layiq görüldülər.
Lakin hamı bu ixtiraya eyni münasibət bəsləmirdi.
1888-ci ildə Fransa mətbuatında Alfred Nobelin qardaşı Lüdviqin ölümü ilə bağlı yanlışlıq nəticəsində Alfred Nobelin vəfat etdiyi barədə nekroloq dərc olundu. Həmin yazılarda onu “qan üzərində milyonçu” və “ölüm taciri” kimi təqdim edirdilər.
Bu hadisə Nobelin həyatında dərin iz buraxdı. O, insanların onu necə xatırlayacağı barədə düşünməyə başladı.
XIX əsrin sonlarına doğru Alfred Nobel dinamit, nitroqliserin, ballistit – tüstüsüz barıt və hərbi təyinatlı məhsullar istehsal edən çoxsaylı müəssisələrin sahibi idi. O, həmçinin Bakı neft sənayesinin inkişafında mühüm rol oynayan Nobel ailəsinin biznes fəaliyyətində iştirak edirdi. İxtiraçının adına qeydə alınmış patentlərin sayı 355-ə çatmışdı.
Lakin burada böyük bir paradoks var idi: müharibə sənayesindən sərvət qazanan bu insan özünü pasifist hesab edir və müharibələrin qarşısını almağın yollarını axtarırdı.
Nobel inanırdı ki, elə dağıdıcı gücə malik silah yaradılarsa, dövlətlər müharibəyə başlamağın nəticələrindən qorxaraq bundan imtina edəcəklər. Onun düşüncəsinə görə, qarşı tərəfi bir anda məhv edə biləcək silahın mövcudluğu müharibəni mənasız edəcək, təcavüzkarı özünü məhv etmək təhlükəsi ilə üz-üzə qoyacaqdı.
O, bu fikrini belə ifadə etmişdi:
“Müharibə dəhşətlərin ən dəhşətlisi, ən böyük cinayətdir. Elə bir maddə və ya maşın ixtira etmək istərdim ki, onun dağıdıcı gücü müharibəni ümumiyyətlə mümkünsüz etsin”.
Başqa bir fikrində isə belə deyirdi:
“İki ordu korpusunun bir saniyə ərzində bir-birini məhv edə biləcəyi gün bütün sivil xalqlar dəhşətə gələcək və müharibədən imtina edəcəklər”.
Ancaq Nobel yanılırdı. Dağıdıcı silahların güclənməsi müharibələri dayandırmadı. Əksinə, bəşəriyyət getdikcə daha dəhşətli müharibələrin şahidi oldu. Texnologiyalar inkişaf etdi, silahlar təkmilləşdi, lakin insan həyatının dəyəri müharibə aparan tərəflərin hesablamalarında heç də həmişə əsas meyara çevrilmədi.
Bəlkə də Nobel həyatının sonuna yaxın bu həqiqəti daha aydın dərk etmişdi. O, sərvətinin böyük hissəsini elmin, ədəbiyyatın və sülhün inkişafına xidmət edəcək mükafatların təsis edilməsinə vəsiyyət etdi.
1895-ci il noyabrın 27-də imzaladığı vəsiyyətnamədə Nobel sərvətinin investisiya kapitalına çevrilməsini, əldə edilən gəlirin isə hər il bəşəriyyətə ən böyük fayda verən şəxslərə mükafat şəklində təqdim olunmasını nəzərdə tuturdu.
O yazırdı ki, mükafatlar milliyyətindən asılı olmayaraq, əvvəlki il ərzində bəşəriyyətə ən böyük fayda gətirən şəxslərə verilməlidir.
Alfred Nobel 1896-cı il dekabrın 10-da vəfat etdi. Lakin onun vəsiyyətnaməsinin icrası heç də asan olmadı. Sənədin dərcindən sonra qohumları mirasla bağlı hüquqi mübahisələrə başladılar. İsveçdəki bəzi siyasətçilər və qurumlar da vəsiyyətnaməni tənqid etdilər. Xüsusilə Nobelin mükafatların verilməsində namizədlərin milliyyətinin əhəmiyyət daşımamasını tələb etməsi narazılıq doğurmuşdu.
Mübahisələrin həlli təxminən üç il çəkdi. Nəhayət, 1900-cü ilin iyununda Nobel Fondu rəsmən təsis edildi, mükafatların verilməsi qaydaları müəyyənləşdirildi.
İlk Nobel mükafatlarının təqdimetmə mərasimi isə 1901-ci il dekabrın 10-da – Alfred Nobelin ölümünün beşinci ildönümündə keçirildi.
Maraqlıdır ki, Nobel siyasətə və parlamentarizmə də kifayət qədər skeptik yanaşırdı. Ona aid edilən fikirlər arasında demokratiyanın kütlələrin manipulyasiyasına və demoqogiyaya yol aça biləcəyi barədə mülahizələr də var. O, siyasətçilərin sülhü təmin etmək qabiliyyətinə inanmır, cəmiyyətin taleyini yalnız siyasi institutların öhdəsinə buraxmağı düzgün hesab etmirdi.
Bəlkə də elə buna görə həyatının sonunda ümidini ayrı-ayrı görkəmli alimlərə, yazıçılara və ictimai xadimlərə bağladı. Öz sərvətini onların fəaliyyətini stimullaşdıracaq bir mükafat sisteminin yaradılmasına yönəltdi.
Beləliklə, dinamitin ixtiraçısı öz adını tarixdə yalnız dağıdıcı silahla deyil, bəşəriyyətin ən nüfuzlu elmi və ictimai mükafatlarından biri ilə də əbədiləşdirdi.
Amma bir məqam da var: Nobel mükafatlarının təsis edilməsində incəsənət xadimləri üçün ayrıca kateqoriya nəzərdə tutulmamışdı. Musiqi, rəssamlıq və digər incəsənət sahələri onun vəsiyyətnaməsində yer almırdı.
Və sonda müasir müharibələrə nəzər salaq. Bu gün də siyasi ambisiyalar, təbliğat və qarşılıqlı güc nümayişi naminə milyardlarla vəsait silahlanmaya, hücum əməliyyatlarına və dağıdıcı texnologiyalara sərf olunur.
Krım körpüsünə hücumlar, dronlar və raketlər ətrafında gedən müzakirələr də bu mənzərənin bir hissəsidir. Bəs bütün bu hərbi əməliyyatların və güc nümayişinin əvəzində nə əldə edilir? Xərclənən milyardlarla vəsait insanların təhlükəsizliyinə, sosial rifahına və ölkələrin gələcəyinə yönəldilsəydi, daha faydalı olmazdımı?
Alfred Nobel dinamitlə dünyanı müharibədən çəkindirmək istəyirdi. Təəssüf ki, onun ixtirasından keçən əsrdən çox vaxt ərzində bəşəriyyət bir həqiqəti hələ də dərk edə bilməyib: silahların dağıdıcı gücünü artırmaq sülhü təmin etmir.
Bəlkə də ən böyük ixtira yeni bir silah deyil, insanları müharibəyə ehtiyac duymayacaq qədər müdrik edə bilən düşüncədir.
Natiq Səlim,
KONKRET.az
