Bu il müğənni Aqşin Fatehə məxsus “By Fateh” restoranının filialı üçüncü dəfə bağlanıb.
Fevralda restoranın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində, iyunda Azadlıq prospekti 231 və noyabrda isə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanlarında yerləşən filialları bağlanıb. Filiallar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aşkarladığı müxtəlif nöqsanlara görə qapadılıb.
Maraqlıdır, eyni ildə dəfələrlə aşkarlanan bu nöqsanların səbəbləri nələrdir?
Məsələ ilə bağlı müğənninin prodüseri Tamerlan Cəsur Oxu.Az-a açıqlamasında bildirib ki, nöqsanların aradan qaldırılması gözlənilir:
“Çox güman ki, nöqsanlar aradan qaldırılacaq, restoran fəaliyyətə başlayacaq. Ancaq nə zaman olacağı bəlli deyil. Yeni bir restoran açmaq fikrimiz yoxdur, çünki o yer bizim üçün çox əlverişlidir. Ancaq yayda yeni filiallarımız açılacaq”.
Bəs restoranın bir il ərzində üç dəfə bağlanmasının səbəbi nədir?
Tamerlan Cəsur bu məsələdə kənar təzyiqlərin rolu olduğunu bildirib:
“Əslində, elə də ciddi nöqsanlar yoxdur. Sadəcə müəyyən kənar təzyiqlər var. Hər yerdə olduğu kimi, bəzən bizə də çox yüklənirlər, hədsiz şərləmələr olur”, – deyə Aqşin Fatehin prodüseri qeyd edib.
Xatırladaq ki, noyabrın 23-də sözügedən müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim olunan ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi, bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkarlandığı üçün obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
