“Azərbaycanın yeni ərazilərə nəzarəti ələ keçirməsi Ermənistanda enerji təhlükəsizliyinə təhlükə yaradır”.
KONKRET.az xəbər verir ki, Ermənistanın yerli mütəxəssisləri bu qənaətdədir. İqtisadçılar hesab edir ki, Qərbi Zəngəzur bölgəsindəki Gorus-Qafan beynəlxalq magistral yolunun bir hissəsinin Bakının nəzarətinə keçməsi bir sıra problemlərin yaranmasına səbəb olacaq. Həmin rəylərə görə, belə bir maneə ilə rastlaşan yalnız Ermənistan olmayacaq. Eləcə də İranla bu ölkə arasında ticarət marşrutu ilə yanaşı elektrik enerjisi layihəsinin həyata keçirilməsi şübhə altına düşüb.
Həmin şərhlərdə deyilir ki, Ermənistan-Gürcüstan elektrik verilişi xəttinin çəkilişi layihəsi 2018-ci ildə İrəvanda hakimiyyət dəyişikliyindən sonra dondurulub. Bundan başqa üçüncü İran-Ermənistan elektrik verilişi xəttinin tikinti tempi kəskin şəkildə aşağı düşüb.
Azərbaycanın bu yollara nəzarəti Ermənistanı ciddi narahat etməyə başlayıb. Belə ki, eyni ərazilərdən keçdiyi üçün Ermənistan-İran qaz kəmərinin istismarı da sual altındadır.
Siyasi şərhçiləri də hesab edir ki, Azərbaycan bu üstünlüyündən uzun müddət istifadə edəcək.
Natiq Səlim,
KONKRET.az
