44 günlük Vətən müharibəsinin ildönümündə xatırlanan məqamlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun savaşın əvvəlində vəzifəsindən kənarlaşdırılmasıdır. Müdafiə Nazirliyi 2021-ci ilin yanvarında Sadıkovun artıq hərbi xidmətdə olmadığını açıqlasa da, onun müharibə dövründə hansı səbəbdən vəzifədən uzaqlaşdırıldığı məlum deyil. Bundan başqa, onun Rusiya ilə münasibətləri və mümkün əlaqələri barədə müxtəlif iddialar səsləndirilir.
Bəs Nəcməddin Sadıqov müharibənin ilk günlərində hansı səbəbdən vəzifədən uzaqlaşdırıldı? Onun Rusiya ilə yaxın münasibətləri barədə səsləndirilən iddiaların əsası varmı? Hərbi əməliyyatlarla bağlı məlumatların Moskvaya ötürülməsi mümkündürmü?
KONKRET.az xəbər verir ki, hərbi ekspert Rövşən Məhərrəmov Globalinfo.az-a açıqlamasında müharibənin başlanğıcında Nəcməddin Sadıqovun artıq vəzifədən kənarlaşdırıldığını bildirib.
“Vəzifəsindən kənarlaşdırılması məsələsinə gəlincə, bildiyiniz kimi, əməliyyatların yürüdülməsində müəyyən ləngimələr və gecikmələr baş vermişdi. Nəcməddin Sadıqov o zaman birbaşa vəzifədən azad edilməsə də, proseslərdən kənarlaşdırıldı. Bu, hərbi idarəetmədə təbii bir haldır. Baş Qərargah rəisi ilə bağlı qərarı Prezident qəbul etdi. Oxşar hallara beynəlxalq təcrübədə də rast gəlinir. Məsələn, Qazaxıstanda təlimlər zamanı baş verən bədbəxt hadisədən sonra müdafiə nazirinin vəzifəsindən azad edilməsini misal göstərmək olar”.
Ekspert bildirib ki, Nəcməddin Sadıqov 30 ilə yaxın Baş Qərargah rəisi kimi xidmət edib:
“O, klassik müharibə taktikası üzrə böyük təcrübəyə malik idi. Rusiyanın Ali Hərbi Məktəbini, Bakı Birləşmiş Komandirlər Məktəbini və Frunze adına Hərbi Akademiyanı bitirmişdi. Yəni onun təcrübəsiz bir zabit olduğunu iddia etmək olmaz. Lakin İkinci Qarabağ müharibəsi müasir texnologiyalar və yeni taktikalar üzərində qurulmuşdu. Görünən odur ki, onun müasir döyüş üsullarının tətbiqindəki zəifliyi nəzərə alınaraq kənarlaşdırılması və yerinə daha perspektivli, müasir döyüş təcrübəsinə yiyələnmiş cavan kadrların təyin olunması məqsədəuyğun bilindi”.
Rusiya lehinə casusluq iddialarına gəldikdə isə, Rövşən Məhərrəmov bunun əsassız olduğunu düşünür:
“Xüsusi xidmət orqanları hər bir yüksək rütbəli zabitin fəaliyyətini nəzarətdə saxlayır. Əgər belə bir hal mövcud olsaydı, xüsusi xidmət orqanları dərhal aşkar edər və o, müharibə zamanı deyil, daha əvvəl vəzifədən azad olunaraq cinayət məsuliyyətinə cəlb edilərdi. Casusluq ən ağır dövlət cinayətlərdən biridir və bunun hüquqi nəticəsi məhkəmə cavabdehliyi olmalı idi. Yəni “Rusiyaya casusluq” iddiaları sadəcə şayiə və əsassız söhbətlərdir. Aydındır ki, Baş Qərargah rəisinin casus olması və xüsusi xidmət orqanlarının buna göz yumması mümkün deyil. Bu kadr dəyişikliyi Ali Baş Komandanın birbaşa səlahiyyətində olan məsələ idi. Müharibənin ilk mərhələsində irəliləyişdə yaşanan müəyyən çətinliklər və uğursuzluqlar səbəbindən o kənarlaşdırıldı, yerinə gələn gənc kadrlarla isə Ordumuz müharibəni böyük qələbə ilə başa vurdu”.
