Mənzil alarkən yalnız əmlakın çıxarışının olub-olmamasını yoxlamaq kifayət etmir. Alıcı mənzilin bank ipotekasında, girovda və ya digər öhdəlik altında olub-olmadığını, eləcə də əmlakla bağlı borcların mövcudluğunu əvvəlcədən dəqiqləşdirməlidir.
Bəs sonradan hər hansı borc və ya hüquqi öhdəliklə qarşılaşmamaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov KONKRET.az-a açıqlamasında bildirib ki, vətəndaş mənzilin girovda və ya digər öhdəlik altında olub-olmadığını elektron sistemlər vasitəsilə yoxlaya bilər.
![]()
Onun sözlərinə görə, vətəndaşın girov və aktivləri barədə məlumatların yoxlanılması üçün müvafiq onlayn sistem mövcuddur:
“Bütün bank və bank olmayan kredit təşkilatlarının həmin sistemə çıxışı var. Vətəndaş notariat xidmətinə müraciət etməklə də mənzilin vəziyyətini yoxlada bilər. İstənilən bank təşkilatı vasitəsilə də bu məlumatları dəqiqləşdirmək mümkündür”.
Ekspert qeyd edib ki, my.gov.az portalı vasitəsilə də daşınmaz əmlakla bağlı məlumatları yoxlamaq mümkündür. Onun sözlərinə görə, əmlakın üzərində hər hansı yüklülük varsa, bu barədə sistemdə məlumat göstərilir.
Beləliklə, mənzil almadan əvvəl əmlakın hüquqi statusunun, yüklülüyünün və mövcud öhdəliklərinin rəsmi qaydada yoxlanılması alıcının sonradan gözlənilməz problemlərlə üzləşməsinin qarşısını almaq baxımından mühüm addımdır.
Aynurə İsmayıl
KONKRET.az
