Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda sülhün əldə edilməsi üçün təklif etdiyi format son günlərin müzakirə mövzusudur. Türkiyə prezidenti Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib. Bu formatın baş tutacağını söyləmək çətin olsa da, hər halda Ərdoğanın bu təşəbbüsü regionda sülhün əldə olunması üçün növbəti cəhddir.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Samir Hümbətov bildirib ki, Ərdoğanın təklif etdiyi dördlü format Azərbaycan üçün məqbul variantdır:

“Rusiya və Ermənistanın da bu məsələdə razılığı olmalıdır. Amma Ermənistan və Rusiya arasında münasibətlər yenə də gərgin olaraq qalır. Türkiyə isə Ermənistana barış əlini uzadıb. Ermənistanın o əli sıxacağını, yaxud onun acı nəticələri ilə mütəmadi qarşılaşmalı olacağını isə zaman göstərəcək”.
Qarabağdakı antiterror tədbirlərinə toxunan politoloq qeyd edib ki, Azərbaycan yalnız legitim hərbi hədəfləri sıradan çıxarır:
“Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsi mahiyyət etibarilə bölgədə sülhün əldə edilməsi üçün atılan addımdır. Çünki 10 noyabr bəyannaməsinin 4-cü bəndi hələ də icra olunmayıb. Qarabağdakı xunta rejim həm də Azərbaycanın erməniəsilli vətəndaşlarının reinteqrasiya prosesinin də qarşısını alır. Ona görə də hesab edirəm ki, Ərdoğanın təkilf etdiyi dördlü format və orada veriləcək açıqlamalar əslində bu gün baş verən antiterror tədbirlərinin əsas mahiyyətini təşkil edir”.
Ekspert əlavə edib ki, bu gün baş verənlər Azərbaycanın öz ərazisində terror yuvalarını sıradan çıxarmaq istiqamətində atılan addımdır: “Çünki bölgədə sülh əldə olunmalıdır. Ona mane olan istənilən qüvvə cəzasını alacaq. Bugünkü vəziyyət bir daha onu sübut edir ki, Azərbaycan öz ərazisini heç kimə heç bir halda güzəştə getməyib və getməyəcək. Terrorçu qruplaşmaların qarşısı alındı və boz zona aradan götürüldü”.
Vəli Həsənov,
KONKRET.az
