Azərbaycan özü bu kimi halların qarşısını almaq üçün adekvat addımlar atmağa məcbur olacaq – Millət vəkilibackend

Azərbaycan özü bu kimi halların qarşısını almaq üçün adekvat addımlar atmağa məcbur olacaq - Millət vəkili

İranla Azərbaycanı bir-birinə çox əsirlik tarixi əlaqələr bağlayır. Azərbaycan hər zaman İranla qonşuluq və dostluq əlaqələrinə sadiq qalıb, qarşılıqlı ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verib. Prezident İlham Əliyev Cəbrayıl və Füzuli rayonlarına səfər zamanı iki ölkə arasında sərhədi dostluq sərhədi adlandrıb.

KONKRET.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. Onun məsələyə münasibətini olduğu kimi təqdim edirik:

“Azərbaycan cəmiyyəti İranın da eyni münasibəti ölkəmizə qarşı bəsləməsini gözləyir. Son aylar İrandan davamlı olaraq Qarabağa yüklərin daşınması haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır. #İran tərəfi Azərbaycanın bu həssaslığını mütləq nəzərə almalıdır. Bu hazırda Qarabağda ağır durumda yaşayan ermənilərin Azərbaycana qarşı müqavimət aparmasına dəstək anlamına gəlir.

Məlum olduğu kimi, bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə etmişdi. Təkcə 11 iyul – 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirmişdir. Bununla əlaqədar, avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılaraq Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota ona təqdim edilmişdi.

Əfsuslar olsun ki, həmin müddətdən bir ay vaxt keçməsinə baxmayaraq, hələ də İran tərəfi Bakının etirazlarına cavab verməyib və hazırda Qarabağa qanunsuz yük daşımağa davam edir. Belə ki, əldə olunan məlumatlara əsasən, avqustun 11-dən sentyabrın 10-dək İrandan Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i oranı daha sonra tərk edib.

Onu da qeyd edək ki, bu məsələdə Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Ermənilərin və iranlıların qanunsuz hərəkətləri onların gözü qarşısında baş verir. Belə çıxır ki, onlar Laçın dəhlizində vəziyyətə nəzarət edə bilmir, ya da bütün bunlar onların razılığı ilə baş verir.

Onu da qeyd edək ki, 11 iyul – 8 avqust tarixlərində 20 minə yaxın şəxs Xankəndini tərk edib və yalnız 15 min nəfər daxil olub. Sülhməramlılar bunu çox gözəl başa düşür ki, onların məsuliyyət zonası boşalacağı təqdirdə Qarabağda sülhməramlı kontingentin qalmasının məqsədəuyğunluğu sual altına düşəcək. Ona görə əhalinin Qarabağdan köçməsinin qarşısını süni yolla almağa çalışır, Xankəndində yaşayan ermənilərin məişət problemlərinin həllində xüsusi fəallıq nümayiş etdirirlər.

Hər kəsə məlum olduğu kimi, Azərbaycan tərəfi prosesi diqqətlə izləyir və bütün baş verənləri xüsusi diqqətdə saxlayır. İran tərəfi ikitərəfli əlaqələri nəzərə alıb, Qarabağa qeyri-qanuni yük daşımalarına son qoymalı, sülhməramlı qüvvələr də bu kimi qanunsuz fəaliyyətlərin qarşısını ciddi şəkildə almalıdır. Əks təqdirdə, Azərbaycan özü bu kimi halların qarşısını almaq üçün adekvat addımlar atmağa məcbur olacaq”.

  • Həsənov Ələsgər Abış oğlu
    Sentyabr 12, 2021 - 10:37

    Əziz həmvətənlər, mən başa düşə bilmirəm İrana məxsus yük maşınlarinin Azərbaycanın Qarabağ bölgəsinə Azərbaycandan icazə alınmadan daxil olmasının səbəbləri nə üçün, Rusiya dövlətindən və Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlılarından soruşulmur? Belə olan halda, nəyə görə məsələ qaldırılmır ki, həmin dəhlızə nəzarəti Azərbaycan əsgərləri də, Rusiya əsgərləri ilə birgə həyata keçirilməlidir? Nə vaxta qədər, sətiraltı ifadələrlə Rusiyaya mesaj verməliyik görəsən?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*