Azərbaycan parlamentində nə dəyişməlidir?backend

Azərbaycan parlamentində nə dəyişməlidir?

Bu həftə Azərbaycan parlamentinin üzvü Rafael Cəbrayılov deputat mandatından imtina etdi. O, Azərbaycan xalqından və parlamentdən üzr istədi. Yerli media onun 300 min dollar müqabilində deputat vəsiqəsini girov qoyduğunu yazırdı.

O, keçirdiyi sonuncu mətbuat konfransında deputat vəsiqəsini girov qoymadığını, borcun isə qardaşına aid olduğunu söyləyib.

“Cəbrayılov qalmaqalı” Azərbaycan parlamentinin müasir tarixində yeganə və ilk deyil.

2012-ci ildə Yeni Azərbaycan Partiyasının üzvü, deputat Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə birgə videogörüntüləri yayılmış, o “mandat alveri”nə görə əvvəlcə öz mandatından imtina etməli olmuş, az sonra azadlıqdan məhrum edilmişdi. YAP-ın sədr müavini Əli Əhmədov “Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk” söyləmişdi.

İndiyədək parlament üzvlərindən adı korrupsiyada,”çirkli pulların yuyulmasında” hallananlar az olmayıb. Amma bunların çoxunun üstündən rəsmi qurumlar sükutla keçib. Son hadisə Azərbaycanda çoxdandır “parlament və parlamentdəkilər dəyişməlidir” mövzusunu yenidən gündəmə gətirməkdədir.

Bəzi daxili siyasi mühiti müşahidə edən təhlilçilər hesab edirlər ki, Azərbaycan parlamenti “hakimiyyətin beşinci təkəri”dir. Məsələn, Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Milli Məclisi onu sadəcə “Prezident Administrasiyasının göndərdiyi qanunları təsdiqləyən, heç bir sözü, nüfuzu olmayan, bəzi üzvləri korrupsiyaya bulaşmış qurum” kimi xarakterizə edir.

Siyasi şərhçi Alya Yaqublu sonuncu yay sessiyasında parlamentin bir gündə onlarla qanuna səs verdiyini yada salır.

Məsələn, bu il yay sessiyasında Milli Məclis bir saata yaxın davam edən iclasda 35 məsələyə baxaraq səsvermə yolu ilə təsdiqləyib. İclasda deputatlar demək olar ki, çıxış etməyiblər. Bu, həmin vaxt həm yerli müstəqil mediada, həm də sosial şəbəkələrdə istehzalı münasibətə səbəb olmuşdu.

Parlamentin bu cür tələskənliyi haqqında yazan jurnalistlərə üzünü tutan spiker Oqtay Əsədov onları “şou yaratmaqda” qınamışdı. “Hər dəfə çıxış edərkən qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda deyirəm ki, qanun layihəsi ikinci, üçüncü oxunuşlarda müzakirə edilir. Hamının gözünün qarşısında deputatlara çıxış etməyə imkan yaradılır”.

Parlament təkcə qanun layihələrini və ya qanunlara düzəliş və dəyişiklikləri “tələsik, müzakirəsiz” qəbul etdiyinə görə yox, həm də hökumətin, insan hüquqları müvəkkilinin hesabatlarını da az qala ayaqüstü qəbul etdiyinə görə az tənqid olunmur.

Alya Yaqublu baş nazirin, hökumətin Milli Məclisə hesabatını “fiksiya” sayır, “formal xarakterli sualların səsləndirildiyini”, hökumətin fəaliyyətinin orda müzakirə edilmədiyini söyləyir.

“Məsələn, Milli Məclisin uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqda müzakirə açdığını xatırlamıram. Sonuncu belə müzakirə 1990-cı illərin sonunda, Heydər Əliyevin prezidentliyi dövründə aparılıb. İctimaiyyətin və ya mətbuatın parlamentin bu mövzuya toxunmaması yönündə səslənən iradlara deputatlar çox vaxt “Buna nə ehtiyac var, dövlət başçısı çox gözəl siyasət yürüdür” kimi cavablandırmaqla kifayətlənirlər”, siyasi təhlilçi deyir.

Alya Yaqublu bu səbəbdən də parlamenti “sözəbaxan, iradəsi olmayan qurum” kimi səciyyələndirir.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, parlament bir millətin “qərar alma orqanıdır, beyin funksiyasını həyata keçirir və ali qanunverici orqan kimi bütün ölkə məsələləri orda rahat müzakirə edilməlidir”. Amma onun qənaətincə, problem parlamentdə deyil, parlamentin formalaşması prosesindədir: “Obyektiv, ədalətli, demokratik, bütün siyasi qruplara bərabər şərtlərdə verilən fürsət çərçivəsində seçki keçirilməzsə, hansısa formada ora gələn insan bazar təfəkkürü ilə – son hadisə də bunu göstərdi – fəaliyyətinə davam edəcək, yaxud da dələduzluqla, etibarından sui-isitiafdə etməklə və sair işlərlə məşğul olacaq”.

Mehman Əliyevin fikrincə də, “üçüncü hakimiyyət rolunu oynayacaq – qanunverici fəaliyyətlə məşğul olacaq parlamentin” formalaşması üçün azad, ədalətli, demokratik seçkilər keçirilməlidir.

Amma 125 nəfərlik Milli Məclis son illərdə təkcə ayrı-ayrı üzvlərinin çıxışlarına, işlərinə görə tənqid hədəfi seçilməyib. 5 ildən bir baş tutan parlament seçkilərindən sonra beynəlxalq qurumlar seçkilərin gedişatını, səsvermənin özünü, “nəticələrin saxtalaşdırılmasını” tənqid ediblər, hətta müxalifət parlamentin qeyri-legitimliyini gündəmə gətirib, Avropa İnsan Hüquqları Məhkəməsinin bu yöndə bəzi qərarları olub.

Doğrudur, rəsmi Bakı bu tənqidlərlə razılaşmayıb, seçkilərin normal, azad, ədalətli keçdiyini bəyan edib. Xırda-para nöqsanların olduğunu, amma bunun səsvermənin nəticələrinə təsir göstərmədiyini bildirib. Hətta 2005-ci il parlament seçkilərindən sonra nəticələrə etiraz edən müxalifətin mitinqini dağıdarkən zorakılığa yol verdiyinə görə beynəlxalq qurumların iradlarına məhəl qoymayıb.

Siyasi şərhçi Alya Yaqublu parlamentin “hakimiyyətin siyahısı üzrə formalaşdığını” düşünür. “Hakimiyyətin iradəsi ilə idarə olunan, özünün heç bir siyasi mövqeyi olmayan, buna imkan verilməyən parlamentdə təbii ki, məhsuldar fəaliyyət olmayacaq”.

Mehman Əliyev də hesab edir ki, normal parlamentin formalaşması üçün deputatı xalq, seçici seçməlidir. Onun sözlərinə görə, yalnız seçilmiş, xalqdan mandat almış parlament təsir, nüfuz sahibi olacaq. “Seçilmiş paramentin cəmiyyətdə, dövlətdə mövqeləri dəyişəcək, qanunverici və qanunlara nəzarət edən orqana çevriləcək. Hakimiyyətə, hökumətə nəzarət edəcək, hökuməti normal işləməyə vadar edə biləcək. Axı bu hökumət də parlament tərəfindən təsdiqlənir, onun qarşısında hesabatlıdır. Onda çox şey dəyişəcək”.

Alya Yaqublu hesab edir ki, Milli Məclis peşəkarların toplaşdığı yer olmalıdır. O, parlament komitələrində konkret sahəni, müzakirə etdiyi məsələni bilən, qanun layihələrinin məğzini anlayan, analiz edəcək, ona uyğun təkliflər verəcək şəxslər toplaşmalıdır.

2020-cil Azərbaycanda parlament seçkiləri keçirilməlidir. Vaxtaşırı yerli KİV-lər, eləcə də bəzi siyasətçilər, şərhçilər növbəti parlamentdə yeni simaların yer alacağını, parlamentin dəyişəcəyini, müstəqil və müxalif firkili şəxslərə yer veriləcəyini, “keyfiyyət fərqi” yaranacağını proqnozlaşdırırlar. Düzdür, siyasi hakimiyyət heç vaxt belə açıqlamalarla çıxış etmir və ya bu cür açıqlamalara şərh vermir.

Əksər siyasi şərçilər bu fikirdədir ki, Azərbaycan parlamentinə “yeni simalar”ın gəlməsi nəyisə dəyişməyəcək. Mehman Əliyev Milli Məclisə yeni simaların gəlməsi ilə onun yenilənməsi haqda firkilərlə razılaşmır. Onun sözlərinə görə, 10 il əvvəlki parlamentlə indiki parlament arasında da fərq var, yəni “yeni simalar” görünməkdədir, onun üzvləri 50-60 faiz yenilənib.

“Qalmaqallı millət vəkilləri ki var, hamısı son 10 ildə gəliblər. Bu onu göstərir ki, sima dəyişməklə parlamentin mahiyyəti dəyişmir”, – Əliyev söyləyir.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında Milli Məclisin ünvanına səslənən tənqidlərin heç birini qəbul etməyib. O parlament seçkilərinin azad, şəffaf və demokratik keçdiyini, parlament üzvlərinin normal qanunvericilik fəaliyyəti ilə məşğul olduğunu söyləyib. Siyavuş Novruzov deputatlarla bağlı bəzi stereotiplərin olduğunu bildirir: “Deputat yol çəkdirməlidir, su çəkdirməlidir kimi sovet dövründən qalma yanlış təsəvvürlər var”.

YAP-çı deputat parlamentə yeni simaların gəlməsi ilə bağlı fikirlərə də münasibət bildirib. Cənab Novruzov qanunvericiliyə əsasən 18 yaşdan sonra istənilən vətəndaşın seçkilərdə iştirak edə, namizədliyini verə biləcəyini, seçimi isə seçicilərin edəcəyini vurğulayıb.

O, konkret təmsil etdiyi partiya ilə bağlı isə deyib ki, hakim partiya seçkilərə bir il qalmış parlament seçkilərinə hazırlaşır, hər bir dairə üzrə millət vəkillərinin fəaliyyətini araşdırır, qiymətləndirir, bundan sonra namizədlər siyahısını hazırlayır. Bu baxımdan da növbəti parlament seçkilərində deputatlığa namizədlərin siyahısında dəyişikliklərin olmasını istisna etmir. Ancaq YAP təmsilçisi bunu da əlavə edir ki, indilik hakim partiya bələdiyyə seçkilərinə haızrlaşmaqdadır.

Alya Yaqublunun qənaətincə, “avtoritar idarəetmə sistemində müstəqil parlament ola bilməz”.

Hüquqşünas Ələsgər Məmmədlinin qənaətincə, aşağıdan yuxarı ciddi tələb olmayacağı təqdirdə müstəqil insanlardan ibarət parlament formalaşmayacaq.

Bir cavab yazın